«Qırmızı şeytanlar» Ernandesi olimpiadaya buraxmırlar
«Mançester Yunayted» öz forvardı Xavyer Ernandesə Olimpiya oyunlarında iştirak etməyə qadağa qoyub. Bir qədər öncə klubun baş məşqçisi Aleks Ferqyuson şikayət edirdi ki, yaydakı Avro-2012 və Olimpiada səbəbindən onun komandası yeni mövsüm startı ərəfəsində demək olar ki, bütün oyunçularından məhrum olub.

İdman.com.az saytının məlumatına görə, problemin qarşısını almaq üçün «Yunayted» Meksika Futbol Federasiyası ilə danışıqlar aparıb və onları inandıra bilib ki, Ernandesə Londondakı turnirdə iştirak etmək lazım deyil.

Bu məsələyə münasibətini açıqlayan Ferqyuson deyib: «Ötən mövsümdə o, fantastik forma nümayiş etdirdi. İkinci mövsüm daha çətin oldu. Buna səbəbsə artıq onun 3 mövsümdü yay istirahətindən məhrum olaraq yığmada oynamasıdır. Yeni mövsümə o, qaydasında olacaq. Biz Meksika federasiyası ilə danışıb onun Olimpiadaya getməməsini qərarlaşdırmışıq. Ona Premyer Liqa mövsümünə tam hazırlıq imkanı lazımdır».

Xəbər 1146 dəfə oxundu.