Xətai rayonunda Aprel şəhidi Xaliq Əzizzadənin xatirəsinə həsr olunan mini-futbol turniri keçirilib
Xətai rayonunda Aprel döyüşlərində torpaqlarımızın azadlığı uğrunda mübarizədə şəhid olmuş Xaliq Əzizzadənin xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında mini-futbol turniri keçirilib.

Gərgin və maraqlı oyun şəraitində keçən turnirdə birinci yeri “Turan”, ikinci yeri “Araz”, üçüncü yeri isə “Xəzər” komandası tutub.

Turnirin rəsmi bağlanış mərasimində Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçi Salman Əbdülov, şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov, şəhid Mahir Quliyevin atası Qədir Quliyev iştirak ediblər. Onlar çıxış edərək Aprel döyüşlərində zabit və əsgərlərimizin böyük hünər və igidlik göstərdiklərini qeyd ediblər. Bildirilib ki, vaxtilə ümummilli lider Heydər Əliyev demişdir ki, orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə – ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.

Sonra çıxış edən şəhid Xaliq Əzizzadənin atası Həsən Qasımov tədbir təşkilatçılarına təşəkkürünü bildirib və Xaliqin həyatı haqqında məlumat verib. Şəhidin atası bildirib ki, Xaliq Əzizzadə 1996-cı ilin avqustunda Şərur rayonunda anadan olub, Xətai rayonu 116 nömrəli tam orta məktəbdə orta təhsil alıb. Əsgər Xaliq Əzizzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş vermiş atışma zamanı qəhrəmancasına şəhid olub və ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Çıxışlardan sonra qalib komandaların üzvləri və oyunlarda fərqlənənlər diplomlarla və futbol geyimlərlə təltif olunublar.

Xəbər 769 dəfə oxundu.