Boksçularımız dünya çempionatına hazırlığı davam etdirirlər
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 8-dən 21-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir.

Avqustun 14-dən baş məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında bir araya gələn yığma məşqlərini Bakı Boks Mərkəzində keçir.

Təlim-məşq toplanışına hər çəkidə 2 nəfər olmaqla, 16 boksçu cəlb olunub. Mundaiala hazırlığın sonuncu mərhələsində boksçularımız gündə iki dəfə məşq edirlər. Səhər hazırlığında əsasən fiziki çalışmalar yerinə yetirən idmançılarımız axşam məşqini rinqdə gerçəkləşdirirlər.

Təlim-məşq toplanışı sentyabrın 5-dək davam edəcək. Bundan sonra boksçularımız Rusiyaya yollanacaqlar.

Qeyd edək ki, dünya çempionatı 8 çəki dərəcəsində keçiriləcək. Sentyabrın 8-də açılış mərasimi olacaq mundialda ilk döyüşlər ertəsi gün təşkil ediləcək. Qaliblərin adları isə sentyabrın 21-də dəqiqləşəcək.


Xəbər 797 dəfə oxundu.