Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib
Avqustun 29-da qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi Avropa çempionatında növbəti qələbəsini qazanıb.

C qrupunda mübarizə aparan millimiz beşinci turda Rumıniya yığması ilə qarşılaşıb. Görüş millimizin 3:0 (25:15, 25:14, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz ötən turlarda Xorvatiyanı 3:2, Macarıstanı 3:0, Estoniyanı 3:2 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3.

Hesabında 12 xal olan Hollandiya qrupda birinci pillədə yer alıb. Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Xorvatiya 10 xalla üçüncü, Rumıniya 6 xalla dördüncü, Macarıstan isə 3 xalla beşincidir. Estoniya millisi isə 1 xalla qrupda sonuncu yerdədir. C qrupunun oyunları Budapeştdə təşkil olunub.

Millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan komanda ilə qarşılaşacaq.

Azərbaycan millisinin heyətində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Kseniya Pavlenko, Mariya Kirilyuk, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyeva yer alıb.

Millimiz Avropa çempionatlarında 2005-ci ildə debüt edib. Xorvatiyada təşkil olunan qitə birinciliyində Azərbaycan millisi dördüncü olub. Səkkizinci dəfə Avropa birinciliyində gücünü sınayan yığmamız öncəki çempionatlarda mükafatçılar sırasına düşə bilməyib.

Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.

Xatırladaq ki, iki il əvvəl Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.
Çempionata sentyabrın 8-də yekun vurulacaq.

Xəbər 763 dəfə oxundu.