Azərbaycan Milli Paralimpiya Komitəsində İordaniyanın Ağır Atletika Federasiyasının prezidenti ilə görüş olub
Beynəlxalq Paralimpiya Komitəsinin para-pauerliftinq idmanı sektorunun yarışlar üzrə baş hakimi, İordaniyanın Ağır Atletika Federasiyasının prezidenti, Ərəbistan Para-Pauerliftinq Federasiyasının prezidenti Azzam Sari Ali Al-Zubi Bakıda səfərdədir.

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov avqustun 29-da qurumun ofisində Azzam Sari Ali Al-Zubi ilə görüşüb.

Görüş zamanı İ.Rəhimov Azərbaycanda para-pauerliftinq idman növünə böyük diqqətin olduğunu bildirib. Qeyd edib ki, idmanın bu növü Azərbaycan Ağır Atletika Federasiyasının hər zaman diqqət mərkəzindədir.

Qonaq əvvəlcə uğurla keçirilmiş seminarla bağlı məlumat verərək, yaradılmış şəraitə görə komitə prezidentinə təşəkkürünü bildirib. O, həmçinin hakimlik seminarının əhəmiyyətindən danışıb.

2022-ci ildə para-pauerliftinq idmanı üzrə Avropa çempionatı Bakıda keçiriləcəyindən bu kimi mötəbər beynəlxalq yarış öncəsi bir neçə belə seminarın təşkili ilə bağlı qarşılıqlı razılığa gəlinib. Avropa çempionatına hazırlıq çərçivəsində 2021-ci ildə Bakıda hakimliklə bağlı beynəlxalq seminarın keçirilməsi də təklif olunub.

Sonda Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti Bakıda keçirilmiş seminara rəhbərlik etdiyinə görə Azzam Sari Ali Al-Zubiyə təşəkkürünü bildirib və gələcəkdə əməkdaşlıq etmək niyyətində olduğunu söyləyib.

Xəbər 739 dəfə oxundu.