Lənkəranda cüdo üzrə açıq şəhər birinciliyi başa çatıb
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və Cənub Qarışıq Döyüş Növləri Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində uşaqlar, kiçikyaşlı yeniyetmələr və yeniyetmələr arasında keçirilən cüdo üzrə açıq şəhər birinciliyi başa çatıb.

İki gün davam edən açıq birincilikdə Lənkəran, Şirvan, Masallı, İmişli və Hacıqabulu təmsil edən 157 idmançı qələbə uğrunda mübarizə aparıb.

Yarışın keçirilməsində məqsəd cənub bölgəsində cüdo idman növünü təbliğ və inkişaf etdirmək, idmançıların təlim-məşq prosesini təkmilləşdirmək, onların idman ustalığını yüksəltmək, güclü və perspektivli idmançıları üzə çıxarmaqdır.

Beynəlxalq Cüdo Federasiyasının qəbul etdiyi müvafiq qaydalara əsasən, 2009-2011-ci il, 2006-2008-ci il və 2003-2005-ci il təvəllüdlü idmançılar qüvvələrini sınayıblar.
Qaliblərə diplom və medallar təqdim olunub.

Mükafatlandırma mərasimində çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov, Azərbaycan Cüdo Federasiyasının cənub bölgəsi üzrə kuratoru Xanağa Quliyev qalibləri təbrik ediblər.

Azərbaycanın bir sıra beynəlxalq mötəbər idman yarışlarına ev sahibliyi etməklə dünyada idman ölkəsi kimi tanındığını bildirən natiqlər, ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəran rayonunda da idmanın müxtəlif növlərində sevindirici nailiyyətlərin qazanıldığını diqqətə çatdırıblar.

Xəbər 737 dəfə oxundu.