Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan hakimlər üçün seminar təşkil olunub
Hakimlər Komitəsinin sədri Fritz Stuçlik və FIFA/UEFA təlimatçısı Kiros Vassarosun rəhbərliyi ilə futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan referi, referi köməkçiləri və hakim-inspektorlar üçün seminar keçirilib.

Üçgünlük seminar müddətində iştirakçılar tapşırığa uyğun olaraq Premyer Liqanın 2-ci turunda keçirilmiş “Sabah”–“Keşlə” oyununu izləyib, bir gün sonra isə qarşılaşmada rast gəlinmiş maraqlı situasiyalar və hakim qərarları AFFA-nın inzibati binasındakı iclas zalında müzakirə olunub. Yeni və müasir veb-platformanın istifadəsi və oyun rəsmilərinin təəssüratları əsasında aparılan təhlil prosesi 3 saata yaxın müddəti əhatə edib.

Birinci Divizion hakimlərinin də dəvət olunduğu seminarın sonuncu günündə beynəlxalq oyunlardan hazırlanmış videoçarxlar nümayiş olunub, həmçinin Premyer Liqanın birinci və ikinci turu çərçivəsində keçirilmiş oyunlarda diqqətçəkən bir sıra situasiyalar ətrafında müzakirələr aparılıb.

Xəbər 968 dəfə oxundu.