“Qəbələ” tanınmış əcnəbi baş məşqçi gətirir
“Baş menecerimiz Zaur Əzizovla mütəmadi əlaqə saxlayıram. Komandada qalıb-qalmayacağım 1-2 günə dəqiqləşəcək”. İdman.com.az saytının məlumatına görə, bu sözü apasport.az-a açıqlamasında “Qəbələ” klubunun türkiyəli baş məşqçisi Fateh Kavlak deyib. Başa çatan çempionatı 5-ci pillədə başa vurmaqla, avrokuboklardan kənarda qalan əyalət komandasında baş məşqçi məsələsi hələlik açıq qalıb.

Hər şeyi rəhbərliyin öhdəsinə buraxan türkiyəli çalışdırıcı isə qarşıdakı günlərdə çıxarılacaq qərarı gözləyir: “Fikrimcə, rəhbərlik ən düzgün qərarı verəcək. Hər halda, ötən mövsüm çətin vaxtda baş məşqçi postunu mənə etibar etdilər. İndi də gələcək taleyimi müəyyənləşdirəcəklər”.

Kavlakın sözüə görə, vətənində istirahətdə olsa belə, boş dayanmır. Hazırda Ankarada olan gənc mütəxəssis bildirib ki, rəhbərliyin qərarına hazır olmaq üçün müəyyən işlər görür: “Əgər məni postumda saxlasalar, təlim-məşq toplanışı, heyətlə bağlı işləri görmək lazımdır. Mən də mümkün müsbət cavab halında, buna hazır olmalıyam. Əslində, planlar bir müddətdir hazırdır və rəhbərliyə açıqlamışam. Baş məşqçi postunda qalsam, növbəti mövsümə hazırlıq məqsədilə Qəbələdə bir araya gələcəyik. Bundan sonra xaricdə təlim-məşq toplanışı keçmək, yoxlama oyunları nəzərdə tutulub. Ancaq bunların yeri, tarixləri sonradan dəqiqləşəcək”.

Əldə etdiyimiz məlumata görə, komanda rəhbərliyi türkiyəli mütəxəssislə hələ anlaşarkən, yollarını ayırmağı planlaşdırıb. Sadəcə, “Qəbələ”nin Unibank Premyer Liqasında vəziyyətinin çox ağır olduğu görünəndən sonra, baş məşqçi postu boş qalmasın deyə, Kavlakla mövsümün sonunadək çalışmağa qərar verib. Başqa sözlə, qarşısına yüksək hədəflər qoyan “qara-qırmızılar” onunla iddia nümayiş etdirməyəcəyini yaxşı bilib.
Klubdan sızan xəbərlərə əsasən, yeni baş məşqçi əcnəbi, Qərbi Avropadan olacaq. Bu işlə çempionatın ortasında postu ilə vidalaşan, sonradan komandada vəzifə alan Maykl Adams da məşğul olur. Yeni mütəxəssisin tanınmış olacağı deyilir.

Xəbər 1109 dəfə oxundu.