İlham Zəkiyevə “Qızıl Çinar” mükafatı verildi
Mayın 10-da Bakıda Heydər Əliyev Mərkəzinin açılışı olub. Burada ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva mərasimdə çıxış ediblər.
Mərasimdə Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2012-ci il qalibləri elan olunub. Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi böyük dəstəyə görə Litva Respublikasının Azərbaycandakı səfiri Kestutis Kudzmanasa “Qızıl çinar” beynəlxalq mükafatı təqdim edilib.
Eyni mükafat beynəlxalq idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə əməkdar idman ustası İlham Zəkiyevə də təqdim edilib. Beynəlxalq idman yarışlarında ölkəmizi layiqincə təmsil etdiyinə, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırdığına, dövlət himnini səsləndirməklə Vətənimiz, xalqımız naminə göstərdiyi əvəzsiz xidmətlərə görə ikiqat paralimpiya, üçqat dünya çempionu İlham Zəkiyev də Fondun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb.
Mükafatı qəbul edən İlham Zəkiyev təşəkkür edərək dedi:
- Bütün məclis iştirakçılarını salamlayıram.
Çox hörmətli möhtərəm cənab Prezident, Mehriban xanım, mən bu mükafata görə Sizə minnətdarlığımı bildirmək istərdim. Bu, mənim üçün çox gözlənilməz oldu. Bu “Qızıl çinar” təkcə İlham Zəkiyevə verilən qiymət deyildir. Bu, Azərbaycan idmançılarının qələbəsidir. Mən bütün Azərbaycan idmançıları adından minnətdarlığımı bildirirəm. Çox sağ olun.

AzərTAc-ın materialları əsasında

Xəbər 3961 dəfə oxundu.