Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək
Milli Paralimpiya Komitəsində (MPK) Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə iki qurum arasında birgə əməkdaşlığın mümkün istiqamətləri müzakirə edilib.

MPK-nın prezidenti İlqar Rəhimov ölkəmizdə Paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək planlar barədə “AmCham Azərbaycan”ın nümayəndələrinə geniş məlumat verib, birgə əməkdaşlığın mümkün istiqamətləri barədə öz təkliflərini qonaqların diqqətinə çatdırıb.

“AmCham Azərbaycan”ın icraçı direktorunun müavini Zaur Kərimov çalışdığı qurumun fəaliyyəti barədə məlumat verib. Z.Kərimov həmişə MPK-nın fəaliyyətini izlədikərini və paralimpiyaçılarımızın əldə etdikləri uğurlara sevindiklərini bidirərək, komitə ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını qeyd edib.

Müzakirələrin yekunu olaraq paralimpiya hərəkatının inkişafına dəstək ola biləcək birgə layihələrin və təqdimatların hazırlanması, korporativ sosial məsuliyyət mövzusunda tədbirlərin keçirilməsi və bu istiqamətdə nüfuzlu şirkətlərlə əlaqələrin qurulması sahəsində birgə fəaliyyət barədə razılığa gəlinib.

Xəbər 1089 dəfə oxundu.