“Hər şey Bakıdan başlandı"
Bu ibarənin Avropa idman tarixinə yazılması Minskdə qətiləşdi

(Bir karvanın yolçuluğuna qısa nəzər)

Təməli 4 il əvvəl qoyulan bir hadisə ənənəyə çevriləcək - ilk dəfə Bakıda 2015-ci ildə keçirilmiş Avropa Oyunları davamlı çoxnövlü idman yarışı olacaq. Bir sözlə, Azərbaycan paytaxtından yola çıxmış karvan böyük yolda növbəti dayanacağına çatdı.
Beləliklə, iyunun 21-də Belarus paytaxtı Minskdə ikinci Avropa Oyunlarının təntənəli açılış mərasiminə qədər ilk yarışının keçirildiyi anlar Avropa üçün böyük əhəmiyyət kəsb edən tarixi yazdı.

Bu yarşların bizim üçün əhəmiyyəti onun ilkinin Bakıda keçirilməsidirsə, Avropa üçün - dünyaya ən böyük idman bayramını bəxş etmiş bir qitə üçün - özünün oyunsuz qalması bəlkə də heç bir məntiqə sığmırdı. Oyunların davamlı ənənəyə çevrilməsi isə məhz "Minsk-2019"da qətiləşdi, desəm, yəqin yanılmaram. Çünki bu tamaşaya qədər növbəti Oyunların paytaxtının Polşanın Krakov şəhəri olacağı da qətiləşmişdi, sadəcə, rəsmi qərar verilməli idi. İyunun 22-də Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin Minskdə keçirilən iclasında Krakovun namizədliyi də təsdiqini tapdı. Deməli, böyük karvan yolçuluğunda addımlar möhkəmlənir və "əski dünya"nın ilk çoxnövlü idman tədbiri ənənəyə çevrilməkdədir.

Haşiyə: Avropa Oyunları nın ideya müəllifi Avropa Olimpiya Komitəsinin (AOK) sabiq prezidenti Patrik Hikki sayılır. Onun çoxsaylı çağırışına Belarus əvvəlcə maraq göstərsə də, rəsmən qərarını dəyişdikdən sonra, məhz Bakı belə bir tədbirə hazır olduğunu bəyan etdi.

2012-ci il dekabrın 8-də Romada AOK-un 41-ci Baş Assambleyası Azərbaycan paytaxtının namizədliyini təsdiqlədi. 48 ölkənin nümayəndəsindən 2-si bitərəf qalmaqla, 38-i bu fikrə dəstək verdi. Böyük yola da belə çıxıldı...

Söz yox ki, "Minsk-2019"la 4 il əvvəlin Bakı Oyunlarının müqayisəli təhlilini aparmaq heç doğru olmaz - miqyaslar düz gəlməz. Çünki Azərbaycan paytaxtı möhtəşəmliyinə görə dünyaya planetar bir yarış, buna qədər təşkil edilmiş olimpiya oyunlarından heç nə ilə geri qalmayan əsrarəngiz tamaşa, böyük idman mübarizəsi bəxş etmişdi. Bizim üçün bu ənənənin davamlı olması, adı Azərbaycanla - tarixi ibarəyə çevriləcək "Hər şey Bakıdan başlanır" ifadəsinə bağlı olacaq böyük irsin yaranması deməkdirsə, qitə üçün öz idman bayramına qovuşmaq üçün faktiki sonuncu şans idi. Çünki o möhtəşəm tədbirdən sonra bir daha bu ideyanı dirçəltmək mümkün olmayacaqdı, cəhdlər "Bakı-2015"lə müqayisənin kölgəsində qalaraq, doğulmadan bətndəcə boğulacaqdı. "Bakı-2015" təşkilatçılıq genişiliyinə, yarış miqyasına, mübarizə möhtəşəmliyinə görə elə bir səviyyəni fəth etmişdi ki, bundan sonra bu ideyanın davam etdirilməməsi Avropanı, faktiki olaraq, belə bir möhtəşəm tarixi hadisəyə həsrət qoyacaqdı. Qoca tarixin təcrübəsi də bunu əyani təsdiqləyir - məhz o möhtəşəmlik Avropaya bir oyanış siqnalı oldu.

Bəli, artıq əminliklə deyə bilərik ki, Avropaya bəxş etdiyi idman bayramı ilə paytaxt Bakının adı Avropa tarixinə xüsusi hərflərlə yazılacaq.

Əlbəttə, bundan sonrakı yarışların ilk müqayisəli təhlili məhz Bakı ilə aparılacaq. Ölkəmizin keçirdiyi yarışın zirvəsinə çatmaq üçün hələ çox işlər görülməlidir. Bu isə birinci Avropa Oyunlarının əsl idman bayramı kimi ölkəmizin təbliğatının xidmətində çox dayanacağını göstərir.

Bir sözlə, karvan yoluna davam edəcək. Hətta Avropa Oyunlarının qətiləşmiş format çərçivəsi müəyyən edilənə qədər çox yol keçilməli olsa belə, məhz Bakıda istər növ sayı, istər olimpiya miqyaslı yeniliklçilik ruhu, istər təşkilatçılıq prinsipləri, istərsə də həvəs və coşğunun təməli qoyulub. Deməli, Avropa Oyunları ideyası "Bakı-2015"in təklif etdiyi standartlara görə gerçəklik haqqını alıb. Bu isə ölkəmizin qitə idmanına töhfəsidir və Avropaya danılmaz əvəzsiz xidmətidir.

Ən nəhayət, "Minsk-2019"un da tarixdə rolunu qeyd etməliyik. O da tarixdə öz rolunu oynayaraq, bu əminliyin təməlini qoyub, onu qətiləşdirdi: Oyunlar ənənəsini formalaşmış saya bilərik və davamlı olacağı şübhə doğurmur.

Minskdə ikinci dayanacağına çatan Avropiada qatarı bir karvan kimi böyük yola düzəlib.

Növbəti dayanacaq Krakovdur.

BATI YAR

Xəbər 1188 dəfə oxundu.