“Minsk-2019" “Tokio-2020"yə açılan pəncərədir
İkinci Avropa Oyunlarında 28 medalla ilk onluqda

İyunun 21-də Minskdə "Dinamo" Milli Olimpiya Stadionunda təntənəli açılış mərasimi ilə başlamış ikinci Avropa Oyunları tarixdə mühüm rolunu oynayaraq yaddaşlara köçdü.

4 il əvvəl başlanğıcını Bakıdan götürmüş bu böyük idman bayramının artıq ənənəyə çevriləcəyi heç bir şübhə doğurmur. Rüstəm Orucovun bayraqdarlığı ilə komandamızın da idmançı paradına qoşulduğu açılış mərasimi də bunun əyani nümayişi oldu.

Oyunların açılışını Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Baş nazirin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də dövlət və hökumət başçıları arasında izlədilər.

50 ölkədən 3844 atletin yarışdığı, 15 növ və ya 23 proqram üzrə 200 medal dəstinin sahiblərinə çatdırıldığı Avropiada bir daha Azərbaycan idmanının uğurlarının əsassız olmadığını nümayiş etdirdi. İdmançı sayına görə yarışların 16-cı komandası olan Azərbaycan yekun medal əyarı ilə 10-cu oldu, medal sayı hesabı ilə 7-8-ci yerləri bölüşdürdü.

Əlbəttə, yarış meydanlarında baş verənlər bu idman festivalının əsas yekunudur. Əgər Bakı ilə müqayisə etsək, proqramdan bütün su idman növləri (üzgüçülük, suyatullanma, sinxron üzgüçülük və vaterpol), BMX, mauntinbayk, qılıncoynatma, taekvondo, triatlon və voleybol çıxarılmışdı.

İyunun 30-da idmançıların qarışıq paradı və rəngarəng şou ilə baş tutan mərasimlə bağlı elan edilən budəfəki çoxnövlü bayramının qalibləri cərgəsində ölkəmizin də təmsilçiləri qazandıqları uğurların işığında inamla irəliləyərək, yarış meydanlarında 5 qızıl, 10 gümüş, 13 bürünc olmaqla 28 medal qazandılar. İdmançılarımız təmsil oldunduqları 11 növdən 6-sında və yaxud 18 yarış proqramının tən yarısında yarış məkanını fəxri kürsüyə çıxaraq tərk etdilər.

Bu növlərdən 3-ündə 5 dəfə qalib idmançımızın şərəfinə Azərbaycan himni səsləndirildi.

Ənənə üzrə mübarizə meydanları hələ təntənəli açılış mərasimindən əvvəl başlamışdı. Onlar arasında Azərbaycanı təmsil edən oxatan da var idi. Söz yox ki, təkcə "əsas iştirakdır" devizi deyil, hər belə çoxnövlü yarışda iştirak ölkəmizdə həmin növün inkişafına verliyi təkan baxımından əhəmiyyətlidir. Qitənin ikinci Oyunlarında belə növlərdən xüsusi söz açsaq, bu dəfə velosipedçilərimizin çıxışı xüsusi qeyd oluna bilər. Tərkibi ölkəmizdə yetişmiş idmançılardan ibarət olan kollektivin iki üzvü mübarizədə uzun müddət liderlər cərgəsində oldu, finişi əsas təqibçi pelotonda başa vurdu.

Əlbəttə, hər ölkədə olduğu kimi, Azərbaycanda da daim güvənilən dayaq idman növləri var. Onların bir qismi tarixi köklərə, qalanları milli mental xüsusiyyətlərə görə tarixin müəyyən mərhələsində əsas növlərə çevrilib. Bu mənada, həmişə olduğu kimi, əsas medal ümidi güləşçilər idi. 10 medalla komanda uğurlarında onlar böyük pay sahibi oldular. Ənənəyə sadiq qalan boksumuzun təmsilçisi də medal mücrümüzə qızıllardan birini əlavə etdi. Olimpiya ailəsinə qoşulmuş karateçilərin çıxışı da həyəcanla gözlənilirdi və qızıllardan biri də onların hesabına yazıldı.

Təbii ki, cüdoçulardan qızıl miqyaslı uğurlar gözlənilirdi. Bu səbəbdən onların çıxışı birmənalı qarşılanmır. Lakin, ümumən, 5 medal yeni dövr üçün ümidləri soldurmadan, qarşıda duran vəzifələri daha da dəqiqləşdirib. Olimpiya miqyası ilə ölçsək, bundan sonrakı planlar məhz bu nəticələr əsasında yenidən işlənməlidir.
Rəqabət döşəyində müqayisəli təhlil etsək, samboçularımızın çıxışı gözlənilən səviyyədə oldu. Hərçənd qızıl medal üçün hər bir əsas var idi.

İdmanımıza yeni nəfəs gətirməkdə olan daha bir növ də ikinci Avropiadada qəti yerini aldı. Dinamik proqramda idman akrobatlarımızın göstərdiyi və mürəkkəbliyinə görə rəqiblərindən xeyli üstün olan çıxışına bəlkə də gözlədiyimiz qiymət verilsəydi, medal boğçamızda daha bir dəyərli qızıl olacaqdı. Ümumiyyətlə, gimnastikada yazılmamış qanunlar var və buna görə bəzən heyfsləndiymiz məqamlara obyektivlik kimi baxmaq lazımdır. Çünki növdə təcrübənin və reytinqin obyektiv təsirləri var və bütün bunlar növün nüfuzu və inkişaf meyarlarına xidmət edir. Buna görə də idmançılarımızın həm çıxışı, həm də qiymətləri günün obyektiv aynası sayıla bilər. Üç proqramın hər birində qazanılan medal isə gimnastikanın bu proqramında idmançılarımızın liderlər cərgəsində layiqli rəqiblər sırasında müəyyənləşdirib. Vaxtilə bədii gimnastikada əldə olunan nailiyyətlər gimnastikanın ölkəmizdə dirçəlişinə, yayılmasına təkan verdiyi kimi, indi akrobatlarımız da mübarizə meydanlarında yeni səhifə açırlar. Bir cütlüyün 3 medalı isə Azərbaycan gimnastikası üçün yeni nəfəsli, yeni həvəsli bir başlanğıcıdır və digər həmnövlərinə də dəstəkdir.

Bir məqamdan da söz açaq. Olimpiya miqyaslı yarışların özünəməxsus qəribəlikləri var və proqnozları alt-üst edə bilir. Çünki belə yarışlara hər bir idmançı karyerasının xüsusi və bəlkə də sonuncu böyük uğur şansı kimi yaxınlaşır. Bu səbəbdən favoritlərin, liderlərin büdrəməsi bu qanunauyğunluğun tərkib hissəsidir. Məhz bu xüsusiyyəti hazırlıq prosesini belə qlobal yarışlar üçün həlledici məsələyə çevirir.
İyunun 30-da keçirilmiş təntənəli bağlanış mərasimindən sonra ilk təhlillər bir daha sübut edir ki, Avropa Oyunları qəti olaraq ənənəvi formatlı çoxnövlü yarış proqramına çevriləcək. Hər dəfə bu yarışların dünya olimpiya yarışları ərəfəsində baş tutması isə onun əhəmiyyətini ikiqat artırır. Ən əvvəl, qitə ölkələrinin idmançı potensialını yoxlayıb qiymətləndirməyə, götür-qoy etməyə, son qərarları verməyə kömək edəcək. İkincisi, onun olimpiya lisenziya və yaxud təsnifat balları verən növləri daha da artaraq, imici möhkəmləndirəcək. Yeri gəlmişkən, "Minsk-2019"da 10 növ "Tokio-2020" baxımından bu payını verdi.

Avropa Oyunları barədə son sözümüzü elə qarşıda duran vəzifələrə həsr edərək yekunlaşdıraq. "Minsk-2019" ilkin hesabatları, təhlilləri və planlaşdırması, yeni vəzifələri müəyyən etməsilə "Tokio-2020"yə doğru ən mühüm sınaq meydanı oldu. İndi Avropiada uğurlarımızı xüsusi vurğulayaraq, gələn ilin yay olimpiya oyunlarının son hazırlıq mərhələsinə keçmək olar.

Bir sözlə, "Minsk-2019" Azərbaycan idmanı üçün uğurları ilə yanaşı, Tokioya açılan ən mühüm pəncərə kimi də diqqət çəkir.

Avropa Oyunları 2023-cü ilə - Polşanın Krakov şəhərində görüşənə qədər bizimlə vidalaşdı.

BATI YAR

Xəbər 1235 dəfə oxundu.