Kim nə qədər qazanacaq
Yeni mövsüm avrokuboklarında


2,5 milyarddan çox mükafat olacaq

UEFA 2019-20-ci illər Avrokubok mövsümünün mükafat fondunu açıqlyaıb. Təşkilat, UEFA superkuboku nəzərə alınmaqla, 2,5 milyard avro pul xərcləmək niyyətindədir.

Ümumən qitə futbolunun əsas qurumunun yeni mövsümdə 3,25 milyard avro qazanacağı ehtimal olunur. Bu məbləğdən 295 milyon avrosu təşkilati və inzibati xərclərin ödənilməsi üçün nəzərdə tutulub. Məbləğin 7 faizi (227,5 milyon) həmrəylik ödənişlərinə yönəldiləcək. Qalan 2,73 milyard avro vəsaitin 6,5 faizi Avropa futbolunun ehtiyat fondu kimi UEFA-da qalacaq. Pulların qalan 93,5 faizi yarış iştirakçılarına təslim ediləcək. Beləliklə, Avropa futbol qurumu yeni mövsümdə klublara 2 milyard 500 milyondan artıq vəsait ayıracaq. Bu məbləğin 2,04 milyardı superkubok oyunu və Çempionlar liqası, qalan 510 milyon avrosu isə Avropa liqası üçün nəzərdə tutulub. Bunlardan əlavə, Çempionlar liqasının payından Avropa liqasının təsnifat mərhələlərində yarışdan kənarlaşanlara 10 milyon, ümumən, bütün yarış üçün 50 milyon həmrəylik güzəşti ediləcək.

Əsas pullar Çempionlar liqasında paylanılacaq

Təsnifat mərhələlərində büdrəyənlərin qazancı belə olacaq: ilkin - 230 min, birinci - 280 min, ikinci - 380 min, üçüncü - 480 min avro.

Pley-off raundu iştirakçıları arasında 30 milyon avro paylaşdırılacaq. Hər uduzan klub 5 milyon qazanacaq. Qalibə pul verilməsə də, onun əsas qazancı qrup mərhələsinə çıxış üçün 15,25 milyon avroluq bonus olacaq.

Çempionlar və Avropa liqalarının qrup turnirinə vəsiqə ala bilməyən ölkə çempionu 260 min avro əlavə pulu da hesabına əlavə edəcək.

Qrup mərhələsi ümumən 1,95 milyard avro qazanc verəcək. İlkin ödənişlər (25 faiz) 488 milyon, nəticəyə görə (30 faiz) 585 milyon, son 10 ildəki reytinqinə görə (30 faiz) 585 milyon və marketinq sıralamasındakı yerinə görə (15 faiz) 292 milyon avro mükfat fondu olacaq.

Hər qrup iştirakçısının qazancı 15,25 milyon olacaq və bunun 750 mini əlavə ödəniş kimi veriləcək. Hər qələbənin qiyməti 2,7 milyon, heç-heçənin isə 900 mindir. Hər heç-heçəyə görə arada qalacaq məbləğ (hər heç-heçədən 900 min avro) yekunda qələbə sayına uyğun olaraq proporsional qaydada qrup iştirakçıları arasında bölüşdürüləcək.

Qrupdan pley-offlara çıxışın qiyməti belədir: 1/8 finala - 9,5 milyon; 1/4 finala - 10,5 milyon; 1/2 finala - 12 milyon; finala - 15 milyon. Qalib 4 milyon da əlavə pul alacaq. Superkubokun iştirakçıları 3,5 milyon, qalib isə daha 1 milyon avro qazanacaq.

10 illik reytinqə görə ödənişlər (585 milyon avro) belə olacaq: məbləğ paylara bölünüb (hər pay 1 milyon 108 min avrodur) Ən aşağı mövqedə olan məhz bu qədər alacaq. Növbəti yerdə olan bunun iki mislini, sonrakı üç və bu qayda ilə ta ən yüksəkdə olana qədər davam edəcək. Yəni 1-ci reytinqli 32 pay sahibi kimi 35,46 milyon avro əldə edəcək.

Marketinq dərəcələməsinə görə ödənişlər (292 milyon avro): ödənişlər televiziya yayım bazarının reytinqi əsasında klublar arasında bölünməklə futbol assosiasiyalarının hesabına köçürüləcək. Bu zaman klubların ümumi marketinq dəyəri, iştirakçıların tərkibi, hər assosiasiyadan olan komandaların sayı, bir də hər iştirakçının daxili yarışın əvvəlki mövsümündə tutduğu yer və 2019-2020-ci illər mövsümündə əldə etdiyi nəticələr nəzərə alınacaq.

Həmrəylik ödənişləri builki yarışlarda iştiraka görə 107,5 milyon avro təşkil edəcək. Ümumən bütün həmrəylik hesablamalarına görə, milli assosiasiyalara 130 milyon avro pul veriləcək ki, klubları arasında bölüşdürsün.

Avropa liqasının zəif qazancları

Təsnifat mərhələlərinin mükafat fondu belədir: ilkin - 220 min, birinci - 240 min, ikinci - 260 min, üçüncü - 280 min evro.

Qrupaqədərki pley-offda iştirakın dəyəri 300 min avrodur. Qalib qrup raundunda iştiraka görə məbləğlə mükafatlandırılacaq.

Qrup mərhələsində 48 iştirakçı 2,92 milyon (170 min avrosu əlavə mükafat olmaqla) alacaq. Hər qələbənin dəyəri 570 min, heç-heçənin isə 190 min avrodur. Hər heç-heçədən sonra artıq paylanmayan məbləğ qrup iştirakçıları arasında qələbə əmsalı ilə proporsional bölünəcək. Qrup qalibi 1 milyon, ikinci yerin sahibi 500 min avro pulu da büdcəsinə əlavə edəcək.

Qrupdansonrakı pley-oflara hər çıxış üzrə bölnəcək məbləğ: 1/16 finala - 500 min; 1/8 finala - 1,1 milyon; 1/4 finala - 1,5 milyon; 1/2 finala - 2,4 milyon; finala - 4,5 milyon. Qalib əlavə 4 milyon avro mükafatlandırılacaq.

10-illik reytinq əsasında ödənişlər (84 milyon avro): Hər payın qiyməti 71 min 430 avrodur. Sonucu reytinqi olan bir, ən yuxarıda olan 48 pay, yəni 3,42 milyon avro sahibi olacaq.

Marketinq bölgüsü (168 milyon): Təxminən Çempionlar liqasındakı kimidir. Burada, sadəcə, ölkə kubokunun qaliblərinə aid bənd də var. Klub qrup turnirinə vəsiqə əldə edə bilmirsə, assosiasiyanın iştirakçılarına ayrılmış məbləğ bütün klublar arasında bərabər paylanılır. Marketinq ödəmələrinin qalan hissəsi (84 milyon avro) belə bölünəcək: qrup mərhələsi (40 faiz) - 33,6 milyon; 1/16 final (20 faiz) - 16,8 milyon; 1/8 final (16 faiz) - 13,4 milyon; 1/4 final (12 faiz) - 10,1 milyon; 1/2 final (8 faiz) - 6,7 milyon; final (4 faiz) - 3,4 milyon.

Həmrəylik ödənişləri: bu məbləğ ümumi gəlirlərin 3 faizini təşkil edəcək. Çempionlar liqasının büdcəsindən 10 milyon əlavə olunacaq.

Xəbər 515 dəfə oxundu.