Gözləmədiyimizlə gözlədiyimiz arasında
Biri mərhələdə əsas məsələni həll edib

Azərbaycan futbol klublarının Avropa kuboklarının növbəti mövsümündə ilk oyunları, açığı, gözlənilənlərdən aşağı səviyyədə oldu.

Əlbəttə, ölkə təmsilçilərindən əlahiddə yüksəlişli çıxış da gözləmirdik. Əslində, belə də olmalıdır. Buna cəhdlər də hər il gözlədiklərimizdəndir. Xüsusən "Qarabağ"ın qrup yarışlarında olması ictimaiyyətin tələbləri kimi, klubların da həvəs və istəyini bir az artırmalıdır. Amma bu dəfə də status-kvo ilk mərhələnin oyunlarına hakim kəsilib.

"Gözlənilənlərdən aşağı səviyyədə" dedikdə, ilk növbədə, komandaların oyun potensialını vaxtında və dəqiqliklə müəyyən edərək, hər şeyi, heç olmazsa, heyətdəki oyunçuların potensialı üzərində əvvəldən qurmasını nəzərdə tuturuq. Əlbəttə, hazırkı transferlər də təmsilçilərimizin hər birinə ruh yeniliyi gətirməyə qadirdir. Lakin hazırlıq dövrünün natamamlığı səbəbindən məşqçi korpusları onlardan ilk oyunlarda yetərincə yararlana bilmədilər. Bunun əvvəl səbəblərindən biri ötən mövsüm ərzində qurulan taktiki-texniki prinsiplərin qorunmasına cəhdlərdir. Lakin elə ötən mövsüm də onların sabit-qədəm oyununu müşahidə etmədik.

Elə bil seçilən oyunçular da məhz sistemə uyğun və onu gücləndirmək üçün əldə olunub. Hərçənd belə düşünmək sadəlövhlük olar. Əlbəttə, təsnifatın ilk raundundan mübarizəyə başlamağın öz çətinlikləri var. Fəqət buna alışıq olan klublar hələ mövsümün sonunda rəqiblərdən asılı olmayaraq, maksimal hazırlıq planı cızmalı idilər.

Hər necə oldusa, klublar yenə də meydana natamam formada girdilər. Hətta ən münbit rəqiblə üz-üzə olan və səfərdə inamlı qələbə qazanmış "Neftçi" də bu şablondan kənara çıxmadı.

Açığı, "Səbail"dən gözlədiklərimiz miqyası ilə elə də böyük deyildi. Yalnız mövsümün sonunda ümid var idi ki, klub yarışa ciddi hazırlaşa bilər və bunun üçün transferləri ilə böyük yola çıxmağa, yəni böyüməyə cəhd edə bilər. Belə olmadı, klub çəkindi. Komandanın oyunçu bazarında fəallığı məhz bura qədər idi. Ümumən, məncə rəqiblər düz hesablanmadı. Bəlkə də klubun iqtisadi riskə getməməsi qərara alındı, hər halda, qazancla transferlərin nisbəti eyni olmaya bilərdi və bu ili bəxt üzərində qurub, gələn ilə bir qədər də ciddi infrastruktur yenilikləri ilə hazırlaşmaq planlaşdırılıb.

Digər məqam məşqçi korpusunun da Avrokubok təcrübəsizliyidir və bu da özünü büruzə verdi. Qarşılaşma əyani nümayiş etdirdi ki, krayovalılarla mübarizə aparmaq üçün tam fərqli oyun planı lazımdır. Bunun üçün rəqibi dərindən öyrənməyə də ehtiyac yox idi. Görüşə ehtiyatlılıq prinsipi ilə, hətta ikinci plandan oynamağa hazır vəziyyətdə başlayan bir komanda üçün ağırlıq mərkəzi onun öz üzərinə düşür və bu, ikiqat çətinlik yaradır. Belədə qol buraxmamaq qorxu xofu yaradaraq, səhvlərə yol açır. Hazırlığı natamam bir komanda üçün müşküllər buradan başlanır. Elə görüş boyu rəqibin yalnız ev sahiblərinin səhvlərindən yararlanması da buna əyani nümunədir. Doğrudur, ilk qoldan sonra fasiləyə qədər "Səbail" özünə gəldi və hətta hesabı bərabərlişdirdi. Lakin ikinci hissədə eyni səhvlər təkrarlandı və ikinci dəfə düşdüyü quyudan çıxa bilmədi. Yeganə istisna, ümid və qazanc paytaxt təmsilçisinin axıra qədər döyüşməsi oldu. Bunun nəticəsi məğlubiyyətin minimal hesablı olmasıdır. Oyun var ki, məhz döyüşüb uduzduğuna görə komandaya tərif yağdırırsan. Lakin bu, həmin rəqib və həmin gün deyildi, üstəlik, döyüşkənlik, sadacə, həvəsdən uzağa getmədi.

İndi səfərdə komandamızın daha ciddi rəqabətlə və yenə minimal hesabla uduzmasını gözləməyə dəyməz. Məncə, rəqibə gözləmədiyi sürprizi vermək lazımdır. Əminliklə demək olar ki, bu yanaşma komandanı böyük hesablı məğlubiyyətə apara bildiyi kimi, tarixinin ən parlaq qələbəyə çatdıra bilər. Döyüşkənlik məhz buradan başlanır.

"Neftçi" tərzi və taktiki gedişləri ilə elə ötən mövsümdəki kimi qalıb. İki qoldan sonra geri çəkilib, rəqibin səhvini gözlədi. Bir məqam unuduldu. Həmin iki qoldan sonra komanda tamamilə dəyişib gələcəyə hesablanmış oyun qura bilərdi.
"Speransa" bunun üçün hər şəraiti yaratmışdı. Hətta yeni futbolçuların oyun xarakteristikasına rəğmən nə tatkiki, nə strateji, nə funksional hədəflər dəyişib, nə də üslub yenilənib. Yanaşma dəyişməsə, Rusiya "Arsenal"ı ilə qarşılaşmanın hədsiz ağır keçəcəyi aydındır.

"Qarabağ" yenə ötənilki yolundadır və yenə yorğun, arğın mövsümə doğru gedir. Açığı, ötənilki səhvlərdən sonra komandada çox şeyin, hətta futbol baxışının dəyişəcəyini gözləyirdik. Əfsuslar ki, dəyişən heç nə yoxdur. Əlbəttə, səfərdə oynayıb qol vura bilməsə belə, "Qarabağ" əvvəldən sona qədər oyunun hakimi idi. Amma bu heç nəyi dəyişmir: rəqib o rəqib deyil. Ağdam klubuna əsas mərhələ - qrup yarışının prizmasından baxırıq. "Qarabağ" hələ də özünü ilkin mərhələlərin ciddi komandası kimi aparır. Bəs klub iddialarında, oyununda, strategiyasında nə vaxt böyüyəcək? Bütün futbolumuz üçün bu, daha vacibdir. "Qarabağ" ölkə çempionatındakı rəqiblərini arxasınca yüksəlişə aparmalıdır. İndiki "Qarabağ" təbi və təbiri ilə 90-cı illərin Romantsevli "Spartak"ına çox bənzəyir. Sonrası yəqin yaxşı xatırlanar. Bərpa üçün uzun illər lazım oldu və ta fəlsəfə dəyişənə qədər qeyri-sabitliyin gah yüksəliş, gah eniş ziqzaqında uğursuzluqlar bir-birini əvəzlədi.
Hər halda bircə istisnamız var. İlkin mərhələyə klublarımız, sanki hazırlıq prosesi davam edirmiş kimi, çiy və natamam oyunla başlasalar da, kondisiyanın iştah və imkan versiyasında artacağını da gözləmək olar. Bunun üçün təfəkkürdən ta taktikaya və funksional çözümə qədər dəyişikliyə hazır olmaq vacibdir. Heç olmasa, oyundan oyuna, rəqibdən rəqibə matçlara fərdi yanaşaraq, klubların vəziyyəti qiymətləndirə biləcəklərini gözləmək istəyirik. Əks-təqdirdə kortəbiilik "tutar qatıq" prinsipindən uzağa aparmayacaq.

BATI YAR

Xəbər 1067 dəfə oxundu.