“Fiziki məhdudiyyətli şəxslərin idman sahəsində bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin yekunları müzakirə olunub
Əlil İdmançılara Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) təşkilati dəstəyi ilə reallaşdırdığı “Fiziki məhdudiyyətli şəxslərin idman sahəsində bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin yekunları müzakirə olunub.

Komitənin prezidenti İlqar Rəhimov layihə çərçivəsində görülmüş işlərin əhəmiyyətini vurğulayaraq, gələcəkdə regionlarda paralimpiya idman növlərinin daha da inkişaf etdirilməsi məqsədilə təlimatçıların hazırlanmasının vacibliyini diqqətə çatdırıb. O, yerlərdə yaradılmış idman infrastrukturundan paralimpiyaçıların səmərəli istifadə etmələrinin vacibliyini bildirib.

Layihənin rəhbəri, İctimai Birliyin sədr müavini Zöhrab Babayev görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Bakı şəhərində, Abşeron, Şəki və Qəbələ rayonlarında paralimpiyaçı idmançıların iştirakı ilə oxatma üzrə səfər turları təşkil olunub, tarixi abidələr ziyarət edilib. Layihənin məqsədi fiziki məhdudiyyəti vətəndaşların cəmiyyətə və idmana inteqrasiyasına dəstək olmaq, tarixi-mədəni abidələrimizi tanıtmaq üçün bölgələrə gəzintilər reallaşdırmaq, paralimpiya idman növlərini təbliğ etmək və regionlarda yaşayan fiziki məhdud gənclərin paralimpiya idmanına cəlb olunmasına şərait yaratmaqdır.

Müzakirələrdə çıxış edən AMPK-nin baş katibi Kamal Məmmədov, İstedadlı Əlillər İctimai Birliyinin rəhbəri Cavad Qasımov, Komitənin oxatma idman növü üzrə baş məşqçisi İlqar Abbasov və digərləri çıxış edərək görülən işləri yüksək qiymətləndiriblər.

Xəbər 656 dəfə oxundu.