“Rabitə”dən daha 2 transfer
Bakının qadın voleybolçulardan ibarət “Rabitə” klubu növbəti mövsüm üçün heyətini gücləndirməkdə davam edir. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan və dünya çempionu yeni il üçün daha 2 oyunçu - ABŞ milli komandasının blokçusu Foluke Akinradevo və Serbiya yığmasının liberosu Suzana Sebiçlə ilə razılıq əldə edib. Onların hər ikisi ilə 1 illik müqaviləyə imza atılıb.

Belə ki, Kanadada anadan olan və 2003-cü ildən ABŞ millisinin şərəfini qoruyan 24 yaşlı Akinradevo son mövsümü Rusiyanın “Dinamo” (Krasnodar) klubunda keçirib. O, daha öncə ABŞ və Yaponiya komandalarında çıxış edib.

Foluke millinin heyətində dünya Qran-prisinin 2 qat qalibi (2010, 2011), Panamerika Oyunlarının 3 dəfə 3-cüsü (2007, 2010, 2011) və Dünya Kubokunun (2011) 2-cisi adına layiq görülüb. 191 sm boya malik Akinradevo, həmçinin 2010-cü ildə Qran-prinin ən dəyərli voleybolçusu və ən yaxşı blokçusu seçilib.

Sebiç isə 1984-ci il təvəllüdlüdür və “Bakı”nın “Çelenc Cup”ın yarımfinalında qalib gəldiyi Almaniyanın “Zuhl” klubundan transfer olunub. O, “Zuhl”dan öncə “Crnokasa Kosyeriç” (1998-2005, Serbiya və Çernoqoriya), “Yedinstvo” (2005-2008, Serbiya), “Tenerife” (2008-2009, İspaniya) və “Metal Qalati” (2009-2010, Rumıniya) komandalarında çıxış edib. Bu klublarla Serbiya və çempionluğunu və ölkə kubokunu, Rumıniya çempionatın qızıl medallarını və İspaniyanın Superkubokunu qazanıb.

2005-ci ildən yığmana dəvət alan Sebiç bu komanda ilə 2009 və 2010-cu illərdə Avropa Liqasının, 2011-ci ildə Avropa çempionatının qalibi olub. O, 2006 və 2011-ci illərdə müvafiq olaraq, dünya və Avropa çempionatının ən yaxşı liberosu seçilib.

Qeyd edək ki, Akinradevo və Sebiçdən öncə “Rabitə” İrina Jukova, Mira Qoluboviç, Sanya Staroviç, Nataşa Krsmanoviç, Dobriana Rabadjiyeva və Katarzina Skorupa ilə müqavilə imzalamışdı.

Xəbər 1274 dəfə oxundu.