Sumqayıtda futbol üzrə xatirə turnirinə yekun vurulub
Sumqayıtda Əməkdar məşqçisi Tofiq Rzayevin xatirəsinə həsr edilmiş futbol üzrə turnirə yekun vurulub. Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Sumqayıtın altı komandası ilə yanaşı, Bakının üç, Füzulu, Siyəzən və Şabran rayonlarının komandaları da qalib adı uğrunda mübarizə aparıb.

M.Hüseynzadə adına stadionda 2010-cu il təvəllüdlü yeniyetmələr arasında keçirilən turnirin bağlanış mərasimində çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov yarışın qalib və mükafatçılarını təbrik edib. O, dövlətin bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən danışıb. Bildirilib ki, mötəbər yarışlarda, ölkəmizdə təşkil edilən beynəlxalq turnirlərdə yüksək nailiyyətlərin qazanmasında Sumqayıt idmançılarının da özünəməxsus payı var.

E.Hümbətov Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu idman siyasətindən danışaraq bunun nəticəsi kimi Azərbaycanın bir çox bölgələrində möhtəşəm idman komplekslərinin tikildiyinini diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan zəngin təcrübə idmanın inkişafına da öz müsbət təsirini göstərir.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə “Sabah”, ”Sumqayıt”, “Ərgünəş” komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Yarışın qalibinə və mükafatçılarına şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal, kubok və hədiyyələr təqdim olunub.

Xəbər 786 dəfə oxundu.