Patrik Mcquayd: «Tur de Azerbaijan» keçirilə bilər
Ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilmiş beynəlxalq veloturun yekunundan sonra, Beynəlxalq Velosipedçiler İttifaqının prezidenti Patrik Mcquayd bu gün jurnalistlərlə görüşdü. İdman.com.az saytının məlumatına görə, UCİ-nin başçısı Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu dedi.
O, veloturun yüksək səviyyədə təşkil olunduğuna görə, ölkə rəhbərliyinə və AVİF-yə təşəkkürünü bildirdi. Qonaq qeyd etdi ki, Azərbaycanda gələcəkdə mötəbər yarışlar təşkil oluna bilər:

«Beynəlxalq arenalarda «Tur de Frans» və «Djiro de İtaliya» kimi məşhur yarışlar var. Yaxın gələcəkdə «Tur de Azerbaijan» da keçirilə bilər. Düzü, ölkəniz bu idman növünün inkişafı üçün mühüm addımlar atır və atmaqdadır. İndi təşkil olunmuş yarış 2 reytinqli idi. AVİF təcrübəsini artırdıqca, daha böyük tədbirlərə hazır olduqca, burada keçiriləcək yarışların səviyyəsi də artacaq. Azərbaycan idmançıları SSRİ dönəmində İttifaqın yığma komandasının tərkibində müxtəlif yarışlarda iştirak ediblər. Yəni, ənənə var. Sizdə idmana diqqət və qayğı yüksək səviyyədədir. Belə olan halda, yaxın gələcəkdə uğurlar da artacaq».

KAMRAN

Xəbər 1930 dəfə oxundu.