Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb
Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin ilkin heyəti açıqlanıb.

Baş məşqçi Covanni Kaprara Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi edəcəyi qitə çempionatı üçün 23 oyunçuya dəvət göndərib. Siyahıda yığmada karyerasını başa vurduğunu açıqlayan Yana Kulan da yer alıb. Həmçinin “Tokio 2020”yə lisenziya qazandıran təsnifat turnirində heyətdə yer ala bilməyən Yekaterina Jidkovanın da adı yeni siyahıya daxil edilib. Onun Avropa çempionatında oynayacağı əvvəlcədən də istisna deyildi. Bu hücumçularla yanaşı, italiyalı mütəxəssisin Braziliyaya aparmadığı Yuliya Kərimova da düşərgəyə çağırıb.

Digər voleybolçulara gəldikdə, heyətdə dəyişiklik yoxdur. Təsnifat turnirində çıxış edənlərlə yanaşı, gənclər də ilkin siyahıda yer alıblar. Beləliklə, qitə çempionatı üçün Azərbaycan millisinin ilkin heyəti Yana Əzimova, Səmra Qafarova, Kristsina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Kseniya Pavlenko, Mariya Kirilyuk, Larisa Smeltsova, Anastasiya Qurbanova, Nelli Salbişvili, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Yana Kulan, Yekaterina Jidkova, Nurhan Kazımova, Polina Rəhimova, Marqarita Əzizova, Leysan Lyovkina, Leyla Parşkova, Yuliya Kərimova, Bəyaz Əliyevadan ibarətdir.

Azərbaycan millisi avqustun 23-dən sentyabrın 8-dək keçiriləcək Avropa çempionatının C qrupunda yer alıb. Voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya yığmaları ilə üz-üzə gələcəklər. Qrupun oyunları Budapeştdə keçiriləcək.

İki əvvəl Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 31-ci Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıblar.

Xəbər 849 dəfə oxundu.