Əməkdar məşqçi Tofiq Rzayevin xatirəsinə həsr edilmiş futbol turnirinə start verilib
Sumqayıtdakı M.Hüseynzadə adına şəhər stadionunda Əməkdar məşqçisi Tofiq Rzayevin xatirəsinə həsr edilmiş yeniyetmələr arasında futbol üzrə respublika turnirinə start verilib. Yarış Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2010-cu il təvəllüdlü gənc futbolçuların iştirakı ilə reallaşıb.

Turnirin açılışında çıxış edən Baş İdarənin Bədən tərbiyəsi və idman sektorunun müdiri Vahid Abdullayev, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov, “Sumqayıt” Peşəkar Futbol klubunun vitse-prezidenti Vaqif Ömərov, veteran futbolçu, “Tərəqqi” medalçısı Telman Salahov yarış iştirakçılarını və qonaqları salamlayıb, T.Rzayevin futbolun təbliği və inkişafında xidmətlərindən danışıb, onlarla idmançının üzə çıxarılmasında və yetişdirilməsində müstəsna əməyi olduğunu qeyd ediblər.

Tofiq Rzayevin oğlu Rauf Rzayev atasının xatirəsinə həsr edilmiş turnirin təşkilində yaxından köməkliyə görə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına və Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, həmçinin yarışa qatılmış komandalara ailə üzvləri adından dərin minnətdarlığını bildirib.

Sonra turnirə start verilib.

Turnirdə Sumqayıtın eyniadlı futbol klubu, “Sumqayıtspor”, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbi, “Təhsil” Respublika İdman Mərkəzi, Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbi, “Gənclik – 95”, Bakının “Zirə”, “Sabah” və “Leon” futbol klubları ilə yanaşı, Füzuli rayonunun “Ərgünəş”, Şabran, Siyəzən şəhər və rayonlarının komandaları qalib adı uğrunda mübarizə aparırlar.

Qalib və mükafatçılar Baş İdarə tərəfindən fəxri fərman, medal, kubok və hədiyyələrlə təltif olunacaqlar.

Xəbər 793 dəfə oxundu.