Bakıda keçiriləcək futvolley üzrə beynəlxalq turnirin püşkü atılıb
Bakıda keçiriləcək futvolley üzrə beynəlxalq turnirin avqustun 2-də püşkatma mərasimi olub.

Tədbirdə çıxış edən Azərbaycan Futnet Federasiyasının (AFNF) prezidenti Vüqar Xəlilov ölkəmizdə idmana göstərilən dövlət qayğısından və atletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıb. O qeyd edib ki, ölkəmiz üçüncü dəfədir futvolley üzrə beynəlxalq yarışa ev sahibliyi edir. Respublikamız yüksək təşkilatçılıq bacarığı ilə seçilir və Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Dünyanın ən güclü futvolleyçiləri Bakıya toplaşıblar. Bu Bakıda təşkil olunacaq növbəti futvolley turnirinin gərgin idman mübarizəsi şəraitində keçəcəyini deməyə əsas verir.

AFNF-in birinci vitse-prezidenti Aydın Hüseynov futvolleyin yeni idman növü olduğunu və dünyada böyük maraqla qarşılandığını diqqətə çatdırıb. Bildirib ki, idmanın bu növünə Azərbaycanda da maraq böyükdür. Futvolleyin kütləviləşməsi istiqamətində federasiya tərəfindən mühüm addımlar atılır. O, idmanın bu növünün yaxın gələcəkdə Olimpiya Oyunlarının proqramına daxil ediləcəyinə əminliyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən dövlət idman siyasətindən danışan AFNF rəsmisi respublikamızda idman infrastrukturunun təkmilləşdirilməsi və idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən mütərəqqi addımlar barədə məlumat verib.

Federasiyanın baş katibi Əfqan Həmzəyev turnirin reqlamenti barədə məlumat verib. Sonra komandaların formaları təqdim olunub və püşk atılıb.

Püşkün nəticələrinə əsasən, 13 ölkəni təmsil edən 20 komanda dörd qrupda mübarizə aparacaq. Braziliya, Azərbaycan-2, Moldova, Rusiya, Pakistan komandaları A qrupunda yarışacaqlar. B qrupunda İran, Azərbaycan-3, Almaniya, İtaliya, İsrail-İngiltərə, C qrupunda Avstriya, Azərbaycan-4, Pakistan-2, İran-2, Türkiyə, D qrupunda isə Azərbaycan, Moldova-2, Rusiya-2, Gürcüstan və Hindistan təmsilçiləri yarışacaqlar.

Qrup oyunları dairəvi sistem üzrə keçiriləcək. Qruplarda ilk iki pillədə qərarlaşan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar. Dörddəbir final mərhələsinin oyunları Olimpiya sistemi üzrə təşkil olunacaq.

Xəbər 718 dəfə oxundu.