Güləşçimiz Birgül Soltanova dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.

Üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kiloqram çəki dərəcəsində yeniyetmə qızlar mübarizə aparırlar.

Çempionatda 43 kiloqram çəki dərəcəsində çıxış edən Zenfira Həşimovanın debüt görüşü gərgin idman mübarizəsi şəraitində keçib. Hindistan nümayəndəsi sonuncu xal prinsipinə əsasən qalib elan olunub.

Nərgiz Səmədova (49 kq) təsnifat mərhələsində ukraynalı güləşçiyə məğlub olub.

Birgül Soltanova (57 kq) mundiala inamlı start verib. Avropa çempionatının bürünc medalçısı ilk görüşündə ukraynalı rəqibini elə ilk hissədə üstələyib. Dörddəbir finalda Belarusdan olan güləşçi ilə qarşılaşma isə dramatik alınıb. Son saniyələrədək əzmkar mübarizə aparan həmyerlimiz qələbə qazanaraq yarımfinala yüksəlib.

Nigar Mirzəzadə (65 kq) ilk mərhələdə Qırğızıstan təmsilçisinə qalib gəlib. Ancaq səkkizdəbir finalda Ukrayna idmançısı ilə qarşılaşmada son saniyələrdə üstünlüyü əldən verərək uduzub.

Xəbər 745 dəfə oxundu.