Yunan-Roma güləşçilərimiz Göygöldə təlim-məşq toplanışını yekunlaşdırırlar
Yunan-Roma güləşi üzrə yığmamız Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını yekunlaşdırır.

Hazırlıq prosesində baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədovla Turac Hüseynli, eləcə də gənclərdən ibarət millimizin böyük məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında həm əsas, həm də gənclərdən ibarət komandanın üzvləri iştirak edir. Həm açıq, həm də qapalı məkanlarda baş tutan məşqlərdə əsas diqqət fiziki hazırlığa yönəldilib.

Qeyd edək ki, böyüklər üçün ilin əsas sınağı sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək lisenziya xarakterli mundialdır. Ancaq buna qədər yığmamızın üzvləri avqustda Rumıniya və Gürcüstanda təşkil olunacaq beynəlxalq turnirlərdə qüvvələrini sınayacaqlar. Gəncləri isə gələn ayın ortalarında Estoniyanın paytaxtı Tallində baş tutacaq dünya çempionatı gözləyir.

Xəbər 628 dəfə oxundu.