Azərbaycan güləşçiləri Dünya Kubokuna darmadağınla başladı
Mayın 12-də «Sərhədçi» Olimpiya-İdman Mərkəzində sərbəst güləş üzrə Dünya Kuboku başlayıb. İdman.com.az saytının məlumatına görə, mötəbər yarışda 10 milli komanda 2 yarımqrupda mübarizə aparır. «A» yarımqrupunda ev sahibi ilə yanaşı, Rusiya, Bolqarıstan, Belarus və Qazaxıstan, «B» yarımqrupunda İran, Türkiyə, ABŞ, Yaponiya və Gürcüstan kollektivləri iştirak edirlər.

İlk gündə həm də yarışın açılışı keçirilib. Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıbr. O bildirib ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir: «Bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada güləş xüsusi yerlərdən birini tutur. Yüksək nəticələrin davamı kimi bu il Azərbaycan güləşçiləri Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına 13 lisenziya qazanıblar. Ümid edirik ki, güləşçilərimiz olimpiya oyunlarında layiqli çıxışları və medalları ilə Azərbaycan xalqını sevindirəcəklər».

FİLA prezidenti Rafael Martinetti artıq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu, Dünya Kuboku yarışının əhəmiyyətini qeyd edib. O, iştirakçıları salamlayıb, turnirin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib, yüksək təşkilatçılığa görə ölkə rəhbərliyinə və AGF-yə təşəkkürünü bildirib.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev sərbəst güləş üzrə Dünya Kubokunun təşkilini ölkəmizə etibar etdiyinə görə, FİLA rəhbərliyinə öz təşəkkürünü bildirib. N.Əliyev deyib: «2012-ci il ölkə prezidenti cənab İlham Əliyev tərəfindən «İdman ili» elan edilib. Bu, sözsüz ki idmanın inkişafına yeni bir təkan verəcək. Dünya Kuboku kimi mötəbər bir yarışın ölkəmizdə keçirilməsinə çox şadıq. Növbəti hədəfimiz 2020-ci il yay olimpiya oyunlarına sahiblik etmək uğrunda mübarizə aparmaqdır».

Nəticələrə gəlikdə, ilk gündə bahadırlarımız gözəl güləşmə nümayiş etdiriblər. Qrupda bütün rəqiblərini maksimum hesabla - 7:0 qalib gələn Azərbaycan seçməsi, vaxtından əvvəl finala vəsiqə qazanıb. Sabah Belarus yığması ilə görüş formal xarakter daşıyacaq.
Digər qrupda İran yığması bütün rəqiblirini üstüləyib, həlledici mərhələyə yüksəlib. Bu o deməkdir ki, sabah pəhləvanlarımız cənub qonşularımızla qarşılaşacaqlar.

Qeyd edək ki, Dünya Kubokunda yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək. Final görüşü mayın 13-də saat 14:00-da keçiriləcək.
Xatırladaq ki, sözü gedən yarış Azərbaycanda 2-ci dəfə keçirilir. İlk dəfə 2004-cü ildə Dünya Kubokuna ev sahibliyi etmiş milli komandamız, sonda baş mükafata sahib çıxmışdı. Növbəti belə uğur 2009-cu ildə Tehranda qeydə alınıb. Azərbaycan bahadırları finalda ev sahiblərini məğlubiyyətə uğratmışdılar.

«A qrupu»
Rusiya - Bolqarıstan - 6:1
Belarus - Qazaxıstan - 2:5
Azərbaycan - Rusiya - 7:0
Bolqarıstan - Belarus - 2:5
Qazaxıstan - Rusiya - 2:5
Azərbaycan - Bolqarıstan - 7:0
Belarus - Rusiya - 1:6
Qazaxıstan - Azərbaycan - 0:7
Bolqarıstan - Qazaxstan
Belarus - Azərbaycan

«B» qrupu
İran - Türkiyə - 7:0
ABŞ – Yaponiya - 5:2
Gürcüstan - İran - 2:5
Türkiyə - ABŞ - 2:5
Yaponiya - İran - 2:5
Gürcüstan - Türkiyə - 7:0
ABŞ - İran 3:4
Yaponiya - Gürcüstan - 3:4
Türkiyə - Yaponiya
ABŞ - Gürcüstan




Xəbər 3691 dəfə oxundu.