Avropa Gənclər Olimpiya Festivalında cüdo yarışlarının üçüncü gününün qarşılaşmaları başlayıb
İyulun 26-da XV Avropa Gənclər Olimpiya Festivalının Heydər Əliyev adına İdman Arenasında keçirilən cüdo yarışlarının üçüncü gününün qarşılaşmaları başlayıb.

Yarışların üçüncü günündə qızlar 70 və +70, oğlanlar 81, 90 və +90 kiloqram çəki dərəcələrində mübarizə aparırlar. Gün ərzində Azərbaycanın dörd idmançısı gücünü sınayacaq.

Qızların yarışında Nərmin Əmirli (70 kq) səkkizdəbir finalda hollandiyalı Yael Van Hemst ilə görüşəcək. Oğlanların mübarizəsində isə onaltıdabir finalda Məhərrəm İmamverdiyev (81 kq) rumıniyalı Vlad Topala (Rumıniya), Ruslan Nəsirli (90 kq) bolqarıstanlı Borislav Vladov, səkkizdəbir finalda Hüseyn Məmmədov (+90 kq) Almaniya təmsilçisi Daniel Udsilauri ilə qarşılaşacaqlar.

Xatırladaq ki, cüdo yarışlarının birinci və ikinci günlərində Azərbaycan idmançıları 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Qızıl medalı ölkəmizin aktivinə Turan Bayramov (60 kq), gümüş medalı Vüqar Talıbov (73 kq), bürünc medalları isə Şükran Zamanlı (55 kq) və Gülşən Bəşirova (44 kq) yazdırıblar.

İyulun 27-də qarışıq komanda yarışları keçiriləcək.

Festivalda 40 ölkədən 297 cüdoçu mübarizəyə qoşulub. Azərbaycan bu nüfuzlu turnirə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə qatılıb.

Xəbər 1127 dəfə oxundu.