Azərbaycan velosipedçisi Mərakeşdə ikinci olub
Şose velosipedi üzrə elit yığma komandamızın lideri Elçin Əsədov Mərakeşdə mötəbər birgünlük yarışda uğur əldə edib.

Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Challenge du Prince - Trophée de l`Anniversaire” turunda 146 kilometr məsafəni 2-ci yerdə başa vuran velosipedçimiz bununla da ölkəmizin reytinqinə “Tokio 2020” Yay Olimpiya Oyunları üçün 30 reytinq xalı qazandırıb.

E.Əsədov iki gün əvvəl Mərakeşdə təşkil edilən digər birgünlük “Challenge du Prince - Trophée Princier” turunda 9-cu olmaqla daha 3 lisenziya xalı əldə etmişdi.

Mərakeşə E.Əsədovla yanaşı, U-23 yığmamızın üzvləri Mikayıl Səfərli ilə Mahmud Məmmədov da yollanıb və onların əsas vəzifəsi millimizin liderinin uğurlu çıxışına yardım etməkdir.

Komandamız iyulun 25-də sonuncu birgünlük yarış - “Challenge du Prince - Trophée de la Maison Royale” turunda iştirak etdikdən sonra Vətənə qayıdacaq.

Xəbər 1289 dəfə oxundu.