Qadın voleyboçulardan ibarət Azərbaycan millisi Braziliyaya yollanıb
2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi Braziliyaya yollanıb.

Komandamız San-Paulo şəhərində təlim-məşq toplanışı keçirəcək. Millimiz, həmçinin yerli Braziliya klublarından biri ilə yoldaşlıq oyunlarında gücünü sınayacaq və iyulun 30-da təsnifat turnirinin keçiriləcəyi Uberlandiya şəhərinə yola düşəcək.

“D” qrupunda yer alan Covanni Kapraranın rəhbərlik etdiyi komanda birinci qarşılaşmada Dominikan Respublikası ilə üz-üzə gələcək. Bu matç avqustun 1-də oynanılacaq. Voleybolçularımız ertəsi gün ev sahibi Braziliya ilə qarşılaşacaqlar. Qrupda sonuncu matçda rəqibimiz Kamerun yığması olacaq. Bu görüş avqustun 3-də baş tutacaq.

“Tokio 2020”yə lisenziya qazanmaq üçün ümumilikdə 24 milli komanda mübarizə aparacaq. Təsnifat turnirində qrupda birinci olan komandalar Olimpiadaya vəsiqə əldə edəcəklər.

Hazırlıq planına əsasən, voleybolçularımız iyulun 11-15-də Bolqarıstanda, ayın 15-19-da Rusiyada, 19-24-də isə Türkiyədə təlim-məşq toplanışında iştirak ediblər. Komandamız hazırlıq prosesi çərçivəsində Bolqarıstan, Rusiya və Türkiyə milliləri ilə yoldaşlıq oyunlarında da qüvvəsini sınayıb.

AZƏRTAC

Xəbər 805 dəfə oxundu.