İdmançımız festivalda 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında yarımfinala vəsiqə qazanıb
İyulun 24-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində üzgüçülük üzrə növbəti yarışlar keçirilib.

Bakı Su İdmanı Sarayında keçirilən yarışların səhər sessiyasında qızlar 200 metr məsafəyə sərbəst, 100 metr məsafəyə batterflay, oğlanlar isə 200 metr məsafəyə arxası üstə üzmə yarışlarında mübarizə aparıblar. 4x100 metr məsafəyə sərbəst üzmə yarışları isə həm oğlanlar, həm də qızlar arasında keçirilib.

Azərbaycan üzgüçülərindən Aysel Səfərova 200 metr məsafəyə sərbəst üzmə yarışında 2 dəqiqə 18,22, Elyar Cahangirbəyov 200 metr məsafəyə arxası üstə üzmə yarışında 2 dəqiqə 14,82, Məryəm Şeyxəlizadəxangah isə 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında 1 dəqiqə 2,11 saniyə nəticə göstəriblər. Təmsilçilərimizdən yalnız M.Şeyxəlizadəxangah yarımfinala vəsiqə qazanıb.

Oğlanlar arasında 4x100 metr məsafəyə sərbəst üzmə yarışının finalçıları Almaniya (3 dəqiqə 28.46 saniyə), Rusiya (3:28.90), Macarıstan (3:29.60), Böyük Britaniya (3:29.70), Türkiyə (3:30.31), İspaniya (3:30.66), Finlandiya (3:30.98), Belçika (3:31.27) atletləri olublar.

4x100 metr məsafəyə qızların sərbəst üzmə yarışında isə Rusiya (3:50.69), Böyük Britaniya (3:51.18), Fransa (3:51.38), Almaniya (3:51.45), Macarıstan (3:51.53), Serbiya (3:52.09), Belçika (3:52.46) və İtaliya (3:52.93) üzgüçüləri medallar uğrunda mübarizə aparmaq hüququ qazanıblar.

Yarışların finalçıları və qalibləri axşam sessiyasında müəyyənləşəcək.

Xəbər 1124 dəfə oxundu.