Güləş yarışlarının sonuncu günündə üç idmançımız finala yüksəlib
İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə Azərbaycanın daha üç idmançısı finala vəsiqə qazanıb.

Yeddi çəki dərəcəsinin hamısında təmsil olunan Azərbaycan komandasının üzvü, sərbəst güləşçimiz Cəbrayıl Hacıyev (65 kq) finala gedən yolda gürcüstanlı Davit Patsinaşvilini (13:3), türkiyəli Hamza Duhan Dumanı (10:0) məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə də İsveçrə təmsilçisi Umar Mavlayevi (10:0) məğlubiyyətə uğradan güləşçimiz finala vəsiqə qazanıb.

Yunan-Roma güləşçisi Xasay Həsənli (65 kq) təsnifat mərhələsində yunanıstanlı Fotios Bukisə (7:0), səkkizdəbir finalda finlandiyalı Kasperi Kauhanenə (3:1), dörddəbir finalda isveçrəli David Loherə (10:2) qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda ukraynalı Marian Holubovskini 7:4 hesabı ilə məğlubiyyətə uğradan güləşçimiz finala vəsiqəni təmin edib.

Qadın güləşçimiz Elnurə Məmmədova (53 kq) da finalda iştirak hüququ qazanıb. O, finala gedən yolda macarıstanlı Flora Vizini (4:4), sonra ukraynalı Alina Rillanı (5:2), yarımfinalda rumıniyalı Patrisia-Valeria İuraskunu (5:2) məğlub edib.

Bundan əvvəl yunan-Roma güləşçilərimiz Elmir Əliyev (51 kq) və sərbəst güləşçimiz Kənan Heybətov (51 kq) finala yüksəliblər. Beləliklə, beş güləşçimiz çempion adı uğrunda mübarizədə gücünü sınayacaq.

Xatırladaq ki, qadın güləşçimiz Nigar Mirzəzadə (65 kq) almaniyalı Mari Trautmanı (8:0) məğlub etsə də, türkiyəli Nesrin Başın (10:0) öhdəsindən gələ bilməyib. İdmançımız təsəlliverici görüşdə Böyük Britaniya təmsilçisi Lusi Makqratı (10:0) məğlub edərək bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb.

Xəbər 1061 dəfə oxundu.