“Bakı 2019”un atletika yarışlarının ikinci gününün səhər sessiyasında finalçılar müəyyənləşib
İyulun 23-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının ikinci günündə atletika yarışlarının səhər sessiyasında finalçılar müəyyənləşib.

Festivalın ikinci günündə atletika yarışlarının səhər sessiyasında 400 metr məsafəyə qaçış, 400 metr məsafəyə maneələrlə qaçış, uzunluğa tullanma, çəkicatma və çoxnövçülük üzrə yarışlar təşkil olunub.

Qızlar arasında 400 metr məsafəyə maneələrlə qaçış yarışında finala Salma Seleste Paralluelo (İspaniya), Andrea Rut (Norveç), Madelin Abeqa (Fransa), Lara-Noelle Ştaynbrexer (Almaniya), Anna Çatzipourqani (Yunanıstan), Olqa Topolskova (Rusiya), Marta Kyaer Rasmussen (Danimarka) və İana Qaraeva (Maldova) vəsiqə qazanıblar.

Qızlar arasında uzunluğa tullanma növündə 12 atlet finalda mübarizə aparmaq hüququ əldə edib. Beləliklə, bu yarışın finalında Mia Lien (Norveç), Nea Lento (Finlandiya), Mariya Horielova (Ukrayna), Manca Starasinik (Sloveniya), Dariya Kuşnir (Rusiya), Çiara Smeraldo (İtaliya), İoana Sabina Stirbu (Rumıniya), Raçela Pace (Malta), Elena Debelik (İsveçrə), Daniela Volna (Çexiya), Kristonimfi Paidiu (Kipr) və Andre Ozeçauskayte (Litva) medallar uğrunda mübarizə aparacaqlar.

Oğlanlar arasında 400 metr məsafəyə qaçış növündə 8 atlet – isveçli Emil Yohansson, polşalı Patrik Qrzeqorzeviç, italiyalı Tommaso Boninti, fransalı Alfonse Robin, avstriyalı Florian Herbst, macarıstanlı Attila Molnar, çexiyalı Tadeas Placek və isveçrəli Robin Sutter finala vəsiqəni təmin ediblər.

Qız atletlərin çəkicatma yarışlarında da finalçılar müəyyənləşib. Maryola Bukel (Belarus), Silya Kosonen (Finlandiya), Raçele Mori (İtaliya), Rose Loqa (Fransa), Panaqiota Friqqi (Yunanıstan), Ester İmariaqbe (Almaniya), Elizabet Runarsdottir (İslandiya), Viktoriya Quaino (İsveç), İrene Qomez (İspaniya), Korina Elena Pantea (Rumıniya), Ester Qiczi (Macarıstan) və Kelli Heinpold (Estoniya) adlarını finala yazdırıblar.

Qeyd edək ki, Azərbaycan atletlərindən oğlanlar arasında 400 metr məsafəyə qaçış yarışında Teymur Salahzadənin (48,48 saniyə) və qızların mübarizəsində isə uzunluğa tullanma növündə çıxış edən Ləman Hüseynovanın (5,26 metr) göstəriciləri finala yüksəlmək üçün kifayət etməyib.

Qızların 100 metr məsafəyə qaçış, oğlanların 110 metr məsafəyə maneələrlə qaçış və uzunluğa tullanma növündə final mərhələsi axşam sessiyasında keçiriləcək. Qızların 400 metr məsafəyə qaçış yarışının finalı isə iyulun 24-də baş tutacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən yarışlara 36 ölkədən 641 idmançı qoşulub. Azərbaycan bu yarışlarda 18 idmançı ilə qatılıb. “EYOF 2019"un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.

Xəbər 693 dəfə oxundu.