Bakı Su İdmanı Sarayında üzgüçülük yarışları davam edir
İyulun 23-də Bakı Su İdmanı Sarayında XV Avropa Gənclər Olimpiya Festivalının üzgüçülük yarışlarının səhər sessiyası keçirilib.

Sessiyada kişilər 100 və 1500 metr məsafələrə sərbəst, 200 metr məsafəyə batterflay və fərdi qaydada qarışıq üzmə yarışlarında mübarizə aparıblar. Qadınlar arasında isə 400 metr məsafəyə sərbəst, 200 metr məsafəyə brass üsulla üzmə yarışları keçirilib. Həmçinin üzgüçülər 4x100 metr məsafəyə qarışıq sərbəst ötüşmə yarışlarında da qüvvələrini sınayıblar.

İkinci yarış günündə Azərbaycan üzgüçüləri Maksim Petrenko 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 56,78, Aysel Səfərova 400 metr məsafəyə sərbəst üzmə yarışında 4 dəqiqə 47,84 saniyə nəticə göstərib. Bu nəticə onların növbəti mərhələyə adlaması üçün yetərli olmayıb.

Ramil Vəlizadə batterflay üsulla üzmə yarışında 200 metr məsafəni 2 dəqiqə 3,27 saniyəyə qət edərək yarımfinalda mübarizə aparmaq imkanı qazanıb.

1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışındakı təmsilçimiz Rəşad Alquliyev finişə 17 dəqiqə 36,55 saniyəyə çatıb.

Axşam sessiyasında üzgüçülük yarışlarının yarımfinal və final mərhələləri keçiriləcək.

Xəbər 571 dəfə oxundu.