XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın basketbolçuların mübarizəsi start götürüb
İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının basketbol yarışları start götürüb.

Festivalın basketbol yarışlarında qadınlar və kişilər mübarizə aparırlar. Festivalda kişi basketbolçuların yarışı Avropa Azərbaycan Məktəbində və qadınların yarışı isə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir. Yarışların açılış matçında Macarıstan və Polşa (qadınlar), paralel keçən digər görüşdə isə Yunanıstan və Litva (kişilər) komandaları qarşılaşırlar.

Həm qadınların, həm də kişilərin mübarizəsində səkkiz komanda iki qrupda yarışır. Kişilərin yarışında A qrupunda Azərbaycan, Xorvatiya, Fransa, Serbiya, B qrupunda İspaniya, Yunanıstan, Türkiyə və Litva yığmaları mübarizə aparırlar. Qadınların mübarizəsində isə Belçika, Fransa, İtaliya, Rusiya milliləri A qrupunda, Çexiya, Macarıstan, Polşa və Türkiyə seçmələri isə B qrupunda yer alıblar. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Yarışlara iyulun 27-də yekun vurulacaq.

Xəbər 413 dəfə oxundu.