XV Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci günündə güləşçilər 7 çəki dərəcəsində yarışacaqlar
İyulun 22-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci gününün güləş yarışları start götürüb.

Yarışların ikinci günündə yeddi çəki dərəcəsində (4 oğlan və 3 qız) mübarizə aparılacaq.

Püşkün nəticələrinə əsasən, səkkizdəbir finalda Azərbaycan güləşçilərindən Mircavad Nəbiyev (48 kq) rusiyalı Maqomedamin Bekbulatov, Sabir Cəfərov (60 kq) macarıstanlı Marsel Deli ilə qarşılaşacaqlar.

Yunan-Roma güləşi yarışlarında səkkizdəbir finalda Qurban Qurbanov (48 kq) polşalı Kasper Karaskieviç, Həsrət Cəfərov (60 kq) isə litvalı Donatas Rindeikis ilə güclərini sınayacaqlar.

Qadın güləşində isə səkkizdəbir finalda Gültəkin Şirinova (46 kq) finlandiyalı Yutta Ala-Ranta, Mərziyə Sadıqova (61 kq) ukraynalı Manola Skobelska, dörddəbir finalda isə Lalə Mirzəyeva (49 kq) moldovalı Mihaela Samoil ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, güləşçilərimiz festivalın birinci günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Yunan-Roma güləşçilərimizdən Murad Sadıqlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) bürünc, sərbəst güləşçilərimizdən isə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) gümüş medala sahib olublar.

Xəbər 420 dəfə oxundu.