Avropa Gənclər Olimpiya Festivalının Əməliyyat Komitəsi son hazırlıq işləri ilə bağlı mətbuat konfransı keçirib
Bu gün XV Avropa Gənclər Olimpiya Festivalının Əməliyyat Komitəsi son hazırlıq işləri ilə bağlı mətbuat konfransı keçirib.

Mətbuat konfransında Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Koçyançiç və Avropa Olimpiya Komitələrinin Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki iştirak ediblər.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov yarışların keçirildiyi idman obyektləri və Atletlər kəndi festivala tam hazır vəziyyətə gətirilib. Nazir xatırladıb ki, festivalda 48 ölkədən 3 minə yaxın idmançı 7 gün ərzində gərgin mübarizə aparacaq.

Festivalda ölkəmizi 122 idmançının təmsil edəcəyini diqqətə çatdıran nazir heyətdə güləşçilər və yüngül atletlərin sayca üstünlük təşkil etdiyini vurğulayıb: “Atletlər yarışda idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar“.

Biletlərin satışına gəlincə, A.Rəhimov qeyd edib ki, bu günə kimi yarışlara 6750 bilet satılıb. Onun sözlərinə görə, bəzi yarışlar üçün biletlərin 60 faizi, bəziləri üçün isə 50 faizi satılıb. Açılış və bağlanış mərasimlərinə biletlər tam satılıb.

Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Koçyançiç Bakıya yenidən gəlməsindən məmnunluğunu bildirib. O, Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə keçiriləcəyindən əminliyini ifadə edib: "Azərbaycan hər zaman beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Əminik ki, bu mühüm idman yarışıda ən yüksək səviyyədə təşkil olunacaq. Bakı festivalın təşkilinə tam hazırdır. Şəhər yalnız irimiqyaslı tədbirlərin keçirilməsi üçün lazım olan infrastruktura malik deyil. Bakı özündə digər əsas komponentləri – yüksək təşkilatçılıq, həvəs və səmimiliyi birləşdirir".

Avropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki yüksək səviyyədə təşkil edilən festivalın idmançılar üçün Olimpiyaya gedən yolda böyük təkan olacağını qeyd edib.

Xəbər 1028 dəfə oxundu.