Azərbaycan güləşçilərinin rəqibləri məlum olub
Mayın 12-13-də Bakıda keçiriləcək sərbəst güləş üzrə Dünya Kubokunun püşkatması keçirilib. İdman.com.az saytının məlumatına görə, bu gün keçirilən mərasimdə milli komandalar 2 yarımqrupa bölünüb. Son kubokun ilk 2 yerinin sahibi - Rusiya və İran fərqli yarımqruplara daxil edilib. Digər 8 kollektiv püşklə həmin yarımqruplara bölünüb.

Qeyd edək ki, Dünya Kubokunda yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək. Yarışın rəsmi açılış mərasimi mayın 12-də, saat 14:30-da «Sərhədçi» Olimpiya İdman Mərkəzində baş tutacaq. Final görüşü mayın 13-də saat 14:00-da keçiriləcək.

Xatırladaq ki, sözü gedən yarış Azərbaycanda 2-ci dəfə keçirilir. İlk dəfə 2004-cü ildə Dünya Kubokuna ev sahibliyi etmiş milli komandamız, sonda baş mükafata sahib çıxmışdı. Növbəti belə uğur 2009-cu ildə Tehranda qeydə alınıb. Azərbaycan bahadırları finalda ev sahiblərini məğlubiyyətə uğratmışdılar.

«A» yarımqrupu: Rusiya, Bolqarıstan, Belarus, Qazaxıstan, Azərbaycan
«B» yarımqrupu: İran, Türkiyə, ABŞ, Yaponiya, Gürcüstan

Xəbər 1165 dəfə oxundu.