Siyəzəndə şahmat üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 illik yubileyi münasibətilə Siyəzəndə keçirilən şahmat üzrə yeniyetmə oğlanlar və qızlar arasında rayon birinciliyinin qalibləri müəyyənləşib.

Rayonda şahmatın inkişaf etdirilməsi, yeniyetmələrin intellektual səviyyəsinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan yarışda 40-a yaxın yeniyetmə şahmatçı mübarizə aparıb.

Gənclər Mərkəzində iki gün davam edən turnirdə oğlanlar arasında Əli Qurbanlı birinci, Kamil Əmirli ikinci, Bəybala Zəkiyev isə üçüncü yerdə qərarlaşıblar. Qızların yarışında isə Humay Ağayeva, Nuray Ağayeva və Könül Dadaşova müvafiq olaraq ilk üç yeri tutublar.

Yarışın qalibləri Siyəzən Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

Xəbər 759 dəfə oxundu.