Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək güləş komandalarının heyəti açıqlanıb
İyulun 18-də Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyev “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək komandaların üzvləri ilə görüşüb.

N.Əliyev güləşçilərin problemləri ilə maraqlanıb və onlardan uğurlu nəticə gözlədiyini bildirib. Güləşçilərə mötəbər turnirdə uğurlar arzulayan qurumun rəhbəri festivalda iştirak edəcək heyəti açıqlayıb.

Festivalda sərbəst güləşçilərimiz böyük məşqçi Əsgərxan Novruzovun və məşqçi Yaşar Əliyevin rəhbərliyi ilə çıxış edəcəklər. Heyətdə Murad Haqverdiyev (45 kq), Mircavad Nəbiyev (48 kq), Kənan Heybətov (51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq) və Cəbrayıl Hacıyev (65 kq) yer alıblar.

Böyük məşqçi Taleh İsrafilovun və məşqçi Rasim Ağayevin rəhbərliyi ilə mübarizə aparacaq yunan-Roma güləşi üzrə millimizin tərkibinə Fərid Sadıqlı (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq) və Xasay Həsənli (65 kq) daxil ediliblər.

Yeniyetmə qızların yarışında ölkəmizi böyük məşqçi Həsrət Məmmədyarovun və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi ilə Gültəkin Şirinova (46 kq), Lalə Mirzəyeva (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) təmsil edəcəklər.

“EYOF 2019”da beynəlxalq dərəcəli hakimlərimizdən İntiqam Alıyev, Sədi Quliyev və Bəşir İsazadə ədalət təmsilçisi qismində çıxış edəcəklər.

Bakıda start götürəcək Avropa Gənclər Olimpiya Festivalının güləş yarışları iyulun 21-dən 23-dək Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. Festivalda güləşin üç növü üzrə yeniyetmələrdən ibarət yığmalarımız mübarizə aparacaqlar. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə yarışlar altı çəki dərəcəsi üzrə keçiriləcək.

Xəbər 424 dəfə oxundu.