Bu gün “Neftçi” və “Səbail” klubları UEFA Avropa Liqasının təsnifat mərhələsində cavab görüşləri keçirəcəklər
İyulun 18-də “Neftçi” və “Səbail” komandaları UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsində cavab görüşləri keçirəcəklər.

“Səbail” klubu Rumıniyada “Universitatea” komandasının qonağı olacaq. Krayova şəhərindəki “İon Oblemenko” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandalar arasında “Bayıl Arena”da keçirilən ilk oyunda qonaqlar qalib gəliblər - 2:3. Avrokuboklarda debüt edən “Səbail” mərhələ adlamaq üçün səfərdə qapısını toxunulmaz saxlamaq şərti ilə minimum iki top vurmalıdır. Qarşılaşmanı İslandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Xelqi-Mikael Yoxanssonın köməkçiləri həmyerliləri Yoxan Qudmundsson və Brinqeyr Valdimarsson olacaqlar. İvar-Ori Kristyansson isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.

Digər təmsilçimiz “Neftçi” isə “Bakcell Arena”da Moldovanın “Speranta” komandasını qəbul edəcək. Görüş saat 21:00-da başlayacaq. Kişineudakı ilk qarşılaşmada flaqman böyük hesabla qalib gəlib - 3:0.

Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Yulian Vaynbergerin köməkçiləri funksiyasını həmyerliləri Maksimilian Kolbiç və Mixael Nemets yerinə yetirəcəklər. Andrea Hayss isə dördüncü hakim olacaq.

Xəbər 641 dəfə oxundu.