13 illik qələbə həsrəti
Heyətdə Kadıköy qalibiyyəti görən yoxdur

Türk futbolunun həvəskarları səbrsizliklə sabah Kadıköydəki «Fənərbağça» - «Qalatasaray» matçını gözləyirlər. İdman.com.az saytının məlumatına görə, çempionu bəlli edəcək matça çıxacaq lider «aslanlar»ın heyətində daha əvvəl Kadıköydə «sarı-lacivərdlilər» üzərində qələbə görən futbolçu yoxdur. Ancaq texniki heyətin hamısı 1999-cu ildəki son qalibiyyətə şahid olub. Hazırda klub başında olan texniki heyətin 3 üzvü – Umid Davala, Həsən Şaş və Klaudio Taffarel oyunçu kimi, baş məşqçi Fateh Terim isə, elə o zaman da sükançı kimi həmin qələbənin sevincini yaşayıblar. Doğrudur, adları çəkilən futbolçulardan yalnız Həsən Şaş həmin matçda meydanda olub və qol da vurub.

«Qalatasaray» əzəli rəqibi üzərində son səfər qələbəsini qazandığı həmin matç 1999-cu il dekabrın 22-də keçirilib. 1999-2000-ci illər mövsümünün 9-cu turunda oynanılmalı olan, ancaq, Türkiyə millisinin oyunu və «sarı-qırmızılar»ın Avropa kubokunda qarşılaşması səbəbiylə təxirə salınan dekabrın 22-də keçirilib və 2:1 hesablı qələbə qazanan «Qalatasaray» zirvədəki ən yaxın izləyicisi «Qaziantepspor»dan 8 xal məsafəsinə qaçıb. O zaman «Fənərbağça» 11 xal geridən 5-ci pillədə qərarlaşmışdı.

Həmin oyunun bir iştirakısı isə bu şənbə günü qarşı tərəfin formasını geyinəcək. «Qalatasray»ın o vaxtkı oyunçusu Əmrə Bəlözoğlu indi «Fənər»lə keçmiş klubuna qarşı oynayacaq.
«Aslanlar»ın Kadıköydə qələbə görməyən prezidentlərinin də sayı 4-ə çatıb. Klubun 1999-cu ildəki qələbəni qazandığı zaman başında Faruk Sürən dururdu. Onun ardından klubda başçılıq kreslosuna oturan Məhməd Cansun (2001-2002), mərhum Özxan Canaydın (2002-2008) və Adnan Polad (2008-2011) və son olaraq da Ünal Aysal belə sevinci hələ yaşamayıblar. Bu cür qələbəyə həsrət məşqçilərin sayı da ötən 12 ildə 6-ya çatıb.

Kadıköydə son qələbəsini Fateh Terimin rəhbərliyi altında qazanan «Qalatasaray» sonradan rumıniyalılar Mirça Luçesku (3 mövsüm) və Georgi Haci (2), belçikalı Erik Gerets (3), alman Karl Hayns Feldkamp (2) və Mikael Skibe (1) və hollandiyalı Frank Raykaardın rəhbərliyi ilə çalışarkən bu uğura həsrət qalmışdı.
Ümumiyyətlə ötən dövrdə «Qalatasaray»ın «Fənərbağça»ya qarşı ölkə çepmionatı və kubokundakı qələbəsiz oyunlarının mənzərəsini aşağıdakı cədvəl açıqlayır:

Tarix Yarış Hesab (FB-GS) Baş məşqçi

07.02.2001 Türkiyə Kuboku 4 - 4 Mirça Luçesku
06.05.2001 Çempionat 2 - 1 Mirça Luçesku
16.02.2002 Çempionat 1 - 0 Mirça Luçesku
06.11.2002 Çempionat 6 - 0 Fateh Terim
29.02.2004 Çempionat 2 - 1 Fateh Terim
22.05.2005 Çempionat 1 - 0 Georgi Haci
08.03.2006 Türkiyə Kuboku 2 - 1 Erik Gerets
22.04.2006 Çempionat 4 - 0 Erik Gerets
03.12.2006 Çempionat 2 - 1 Erik Gerets
08.12.2007 Çempionat 2 - 0 Karl Hayns Feldkamp
03.02.2008 Türkiyə Kuboku 0 - 0 Karl Hayns Feldkamp
09.11.2008 Çempionat 4 - 1 Mikael Skibbe
25.10.2009 Çempionat 3 - 1 Frank Raykaard
24.10.2010 Çempionat 0 - 0 Georgi Haci
17.03.2012 Çempionat 2 - 2 Fateh Terim

Xəbər 1059 dəfə oxundu.