Azərbaycan jurnalistləri beynəlxalq turnirin bürünc medalını qazandılar
İyulun 6-da Tbilisdə Kote Maxaradze kuboku uğrunda futbol üzrə beynəlxalq turnir keçirilib.

Media nümayəndələri arasında təşkil edilən turnirdə 6 ölkə təmsil olunub. Azərbaycan media futbol komandası yalnız Ukraynaya məğlub olsa da, yekunda 3-cü yeri tutub. Turnirin qalibi Ukrayna komandası isə gümüş medalçı Gürcüstana məğlub olduğu üçün ümidini Azərbaycanın meydan sahibərinə qalib gəlməsinə bağlamışdı. Ona görə də turnirin ən böyük maraq doğuran Gürcüstan-Azərbaycan qarşılaşması baş mükafatın müəyyən edilməsi baxımından həlledici idi.

Komandamızın bu oyunda qalib gəlməsi Ukraynanın 1-ci, Gürcüstanın 2-ci və Azərbaycanın 3-cü yeri tutması ilə nəticələndi. Təsadüfi deyil ki, Azərbaycan jurnalistlərinin bu oyunda qələbəsinə ən çox sevinən Ukrayna tərəf oldu. Buna görə də, ukraynalılar mükafatlandırma mərasimində Azərbaycana təşəkkür etməyi də unutmadılar.

Beləliklə, Azərbaycan jurnalistləri ilk dəfə keçirilən beynəlxalq turnirin bürünc medalı və xüsusi kubokuna layiq görüldülər. Komandanın aparıcı oyunçularından olan və rəqiblərin qapısından 5 qol keçirən Gündüz Abbaszadə isə turnirin ən yaxşı hücumçusu mükafatına layiq görüldü.

Xəbər 1055 dəfə oxundu.