“Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov Uesli So ilə qarşılaşacaq
Xorvatiyanın paytaxtı Zaqrebdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun da iştirak etdiyi “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsində iyulun 1-də altıncı turun oyunları keçiriləcək.

Beşinci turda ermənistanlı Levon Aronyan ilə heç-heçə edən şahmatçımız növbəti turda amerikalı Uesli So ilə qarşılaşacaq. Turun digər oyunlarında norveçli dünya çempionu Maqnus Karlsen amerikalı Hikaru Nakamura, çinli Dinq Liren rusiyalı Yan Nepomnyaşi, fransalı Maksim Vaşe-Laqrav amerikalı Fabiano Karuana, hollandiyalı Aniş Giri hindistanlı Vişvanatan Anand, ermənistanlı Levon Aronyan rusiyalı Sergey Karyakin ilə üz-üzə gələcəklər.

Ötən turda S.Karyakin Maqnus Karlsen, F.Karuana Uesli So, V. Anand M.Vaşe-Laqrav, H.Nakamura Y.Nepomnyaşi ilə heç-heçə ediblər. D.Liren isə A.Giriyə qalib gəlib.

Beş turun yekununa görə Yan Nepomnyaşi 4 xalla turnir cədvəlində liderliyini qoruyur. M.Karlsen, və Uesli So 3, M.Vaşe-Laqrav, L.Aronyan, F.Karuana, S.Karyakin D.Liren 2,5, V.Anand, A.Giri, H.Nakamura isə 2 xal toplayıblar.

Xəbər 728 dəfə oxundu.