Firdovsi Fərzəliyev II Avropa Oyunlarında yarımfinala yüksəlib
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karate yarışları davam edir.

60 kiloqram çəki dərəcəsində çıxış edən kişi karateçilər kumitedə qüvvələrini sınayırlar.

Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev B qrupunda üç qarşılaşmaya çıxıb. O, İlya Bulatovu (Belarus) 8:0, Emil Pavlovu (Makedoniya) 3:3 hesabı ilə məğlub edib. Ancelo Kresçenzo (İtaliya) ilə 0:0 hesablı heç-heçə edən təmsilçimiz qrupda 1-ci yeri tutub.

F.Fərzəliyev bu göstərici ilə yarımfinala yüksəlib. Karateçimiz finala vəsiqə uğrunda rusiyalı Yevgeni Plakhutinlə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 16:56-da başlayacaq.

Qeyd edək ki, bu gün Azərbaycan yığmasının daha iki karateçisi – Rafiz Həsənov (67 kiloqram) və Rafael Ağayev (75 kiloqram) tatami üzərinə çıxacaq.

Xəbər 1203 dəfə oxundu.