Azərbaycan idmançıları universal döyüş növləri üzrə Avropa çempionatında uğurla çıxış ediblər
Ukraynanın Koblevo şəhərində universal döyüş növləri üzrə Avropa çempionatı keçirilib.

Yeniyetmə, gənclər və böyüklər kateqoriyalarında təşkil olunan yarışlarda federasiyanın prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının birinci vitse-prezidenti Azər Həsənov, baş katib Aydın Abdullazadə və məşqçilər heyətinin rəhbərliyi ilə 17 idmançı təmsil edib. Yığmamızın üzvləri turnirdə uğurla çıxış edərək göstərilən etimadı doğruldublar. Bütün yaş qrupları üzrə keçirilən yarışlarda idmançılarımız 8 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

Avropa Universal Döyüş Federasiyasının prezidenti, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev Avropa çempionatından vətənə uğurlu nəticələrlə qayıdan komandamızın üzvləri ilə görüşüb.

Tədbirdə federasiya rəsmiləri, məşqçilər heyəti və idmançılar iştirak ediblər.

Natiq Əliyev idmançıları təbrik edərək əldə olunan nəticəni yüksək qiymətləndirib. Azərbaycanın dünya idmanı ailəsinin ən layiqli üzvlərindən biri olduğunu qeyd edən N.Əliyev bildirib: “Sevindirici haldır ki, Azərbaycan idmançılarının əldə etdikləri uğurlarda universal döyüşçülərimizin də payı var. İnanıram ki, bundan sonra da Avropa Universal Döyüş Federasiyası olaraq bu sahənin inkişafına töhfə verməyə çalışacağıq”.

Məşqçilər və idmançılar bu yarışa uzun müddət hazırlaşdıqlarını, Avropa çempionatında əzmlə mübarizə apardıqlarını, qarşıya qoyulan məqsədə çatdıqlarını qeyd ediblər.

Avropa çempionatında 25 ölkədən 500-dən artıq idmançının iştirak etdiyini vurğulayan Azər Həsənov təmsilçilərimizin turnirə mərhələli şəkildə hazırlaşdıqlarını deyib. Çempionatın yüksək səviyyədə təşkil olunduğunu vurğulayan federasiya rəhbəri yarışda komandamızın əsas rəqiblərindən ev sahibi Ukrayna ilə yanaşı, Latviya, Litva, Polşa, Moldova, Bolqarıstan idmançılarının olduğunu qeyd edib. A.Həsənov Avropa Universal Döyüş Federasiyasının prezidenti Natiq Əliyev tərəfindən idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Qeyd edib ki, hazırda federasiyanın əsas məqsədi Beynəlxalq Hərbi İdman Şurasına (CIZM) daxil olmaq və Azərbaycanı uğurla təmsil etməkdir.

Görüşün sonunda qitə çempionatında mükafat qazanmış idmançılar Avropa Universal Döyüş Federasiyasının prezidenti Natiq Əliyev tərəfindən mükafatlandırılıblar.

Qeyd edək ki, Mərkəzi Ordu İdman Klubunun rəisi, CIZM-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri, polkovnik Rəşad Quliyev də qitə çempionatında idmançılarımızın çıxışlarını izləyib.

Universal döyüş idman növünün hərbçilər arasında keçirilən Dünya Oyunlarının proqramına salınması üçün Avropa və Beynəlxalq Universal Döyüş Federasiyaları tərəfindən 137 ölkənin üzv olduğu CIZM ilə sıx əməkdaşlıq aparılır. Yarış çərçivəsində müxtəlif ölkələrin CIZM-dəki nümayəndələrinə bu idman növü barədə məlumat verilib. Bu məsələyə yaxın vaxtlarda baxılması nəzərdə tutulur.

AZƏRTAC

Xəbər 884 dəfə oxundu.