“Minsk 2019”un səkkizinci günündə Azərbaycan atletləri idmanın dörd növü üzrə mübarizə aparacaqlar
İyunun 28-də - “Minsk 2019” ikinci Avropa Oyunlarının səkkizinci günündə idmanın doqquz növü üzrə yarışlar keçiriləcək.

Azərbaycan atletləri dörd növ – güləş, boks, atıcılıq və velosiped idmanı üzrə yarışlarda mübarizə aparacaqlar.

Güləş yarışlarının dördüncü günündə qadın pəhləvanlarımız dörd çəki dərəcəsində medal mübarizəsində iştirak edəcəklər. İdmançılarımızdan ikisi Mariya Stadnik (50) və Elmira Qəmbərova (62 kq) finalda mübarizə aparacaqlar. Hər iki güləşçimizin rəqibi Ukrayna təmsilçiləridir. M.Stadnik Oksana Livaç, E.Qəmbərova isə Yuliya Tkaç ilə üz-üzə gələcəklər. Alyona Kolesnik (57 kq) təsəlliverici görüşdə iştirak edəcək. Səbirə Əliyeva (76 kq) isə bürünc medal uğrunda xalça üzərinə çıxacaq.

Bu gün, həmçinin 60, 67 və 77 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçilərinin mübarizəsinə start veriləcək. Bu yarışda ölkəmiz iki çəki dərəcəsində təmsil olunacaq. Güləşçilərimiz mübarizəyə səkkizdəbir finaldan başlayacaqlar. Sakit Quliyev (60 kq) xorvatiyalı İvan Lizatoviç, Kərim Cəfərov (67 kq) isə norveçli Haavard Yorgensen ilə görüşəcəklər.

Boks yarışlarında iki idmançımız - Lorenso Sotomayor (69 kq) və Loren Alfonso Domingez (81 kq) finala vəsiqə uğrunda rinqə çıxacaqlar. L.Sotomayor yarımfinalda Böyük Britaniya təmsilçisi Pat Makkormak, L.Domingez isə italiyalı Simone Fiori ilə qarşılaşacaqlar.

Oyunların səkkizinci günündə velosipedçimiz Sergey Omelçenko sprint yarışında mübarizə aparacaq.

Stend atıcılığı üzrə qarışıq komanda yarışında isə ölkəmizi Nurlana Cəfərova – Emin Cəfərov cütlüyü təmsil edəcək.

Hazırda Azərbaycan millisinin aktivində 2 qızıl, 5 gümüş və 9 bürünc medal var. Qızıl medalları ölkəmizin aktivinə sərbəst güləşçilərimiz Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) yazdırıblar.

Xəbər 1171 dəfə oxundu.