Avropa Oyunları: 6-cı gün: növbəti mərhələyə ümidlə YENİLƏNİB
Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni Minskdə keçirilən ikinci Avropa Oyunlarında "G" qrupunda ardıcıl ikinci görüşündə qələbə qazanaraq son turun nəticəsindən asılı olmayaraq səkkizdəbir finala vəsiqə qazanıb.

Azsport.az Azərbaycan Badminton Federasiyasına (ABF) istinadla xəbər verir ki, E.Qovimuramadhoni ikinci turda Lüksemburq təmsilçisi Robert Mann üzərində 2:0 (21-18,21-15) hesablı qələbə qazanaraq mərhələ adlamağa nail olub.

Xatırladaq ki, təmsilçimiz ilk oyununda Rumıniya badmintonçusu Kollins Valentin Filimona 2:1 (21-19,18-21,21-10) hesabı ilə qalib gəlib. E.Qovimuramadhoni bu mərhələdə son oyunu bu gün qrupun reytinq favoriti Rusiya idmançısı Vladimir Malkovla olacaq. Oyunun planlaşdırılan başlama saatı Bakı vaxtı ilə saat 14:00-dur. Turnirin reqlamentinə əsasən qrup mərhələsində ilk iki yeri tutan badmintonçu səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaq.

"Minsk 2019"da badminton üzrə yarışlar Minskin 2016-cı ildən istifadəyə verilən "Falcon club" arenasında iyunun 24-dən 30-dək keçirilir. Kişilərin şəxsi kateqoriyasında ümumilikdə 32 badmintonçu medallar uğrunda mübarizə aparır.

Xəbər 1185 dəfə oxundu.