Rövşən Məmmədov: Velotura paytaxtda yekun vurulacaq
Bu gün «Hilton» mehmanxanasında ümummilli lider Heydər Əliyevin xatirəsinə təşkil olunacaq veloturun Bakı ofisinin açılışı keçirilib. İdman.com.az saytının məlumatına görə, jurnalistlərlə görüşdə iştirak edən yarışın təşkilat komitəsinin nümayəndəsi Rövşən Məmmədov deyib ki, 5 mərhələdən ibarət olacaq tədbir sabah saat saat 12.00-da Azadlıq meydanında qadınların fərdi mübarizəsi ilə start götürəcək:

«Tədbir çərçivəsində ekstrim-velosipedçilərin şousu da təşkil olunacaq. Sonra kişilər arasında, demək olar ki, eyni marşrutla velosiped turunun birinci mərhələsi Azadlıq meydanı-Nobel prospekti-Zığ şosesi-Nobel prospekti-Azadlıq meydanı-Neftçilər prospekti-Azneft meydanı-Neftçilər prospekti-Azadlıq meydanı marşrutu üzrə komanda yarışı təşkil olunacaq. Növbəti gün, mayın 10-da velosipedçilər ulu öndərin Heydər Əliyev Sarayının qarşısındakı abidəsini ziyarət etdikdən sonra, 176 km-lik Bakı-Qobustan-Şamaxı-İsmayıllı marşrutu üzrə yola çıxacaqlar. 3-cü mərləhə mayın 11-də Qəbələdə başlayacaq.

Daha sonra velosipedçilər Oğuz və Şəki istiqamətində yüksəklikləri qət edərək, yenidən Qəbələyə qayıdacaqlar. Marşrutun uzunluğu 160 km-dir. 4-cü mərhələnin başlanması üçün iştirakçılar may ayının 12-də səhər İsmayıllıya gələcəklər. Daha sonra onlar müəyyən edilmiş marşrutla Qəbələyə gedərək burada 12 dövrə vuracaqlar. Bu mərhələdə velosipedçilər 114 km məsafə qət edəcəklər. Sonuncu mərhələnin keçirilməsi üçün velosipedçilər Bakıya qayıdacaqlar. May ayının 13-də onlar paytaxtın mərkəzi küçələri ilə hər biri 12,3 kilometr olmaqla 10 dövrə vurduqdan sonra yarışa yekun vurulacaq».

Xəbər 1708 dəfə oxundu.