Avropa Oyunları. 2-ci gün: Günün cüdo yarışları başa çatıb YENİLƏNİB
Belarusun paytaxtı Minskdə start götürən ikinci Avropa Oyunlarının ikinci günündə cüdoçularımız mübarizəyə qoşulublar.

Cüdo yarışında qadınların mübarizəsində Aişə Qurbanlı (48 kq) Rumıniya təmsilçisi Aleksandra Pop, Gültac Məmmədəliyeva finlandiyalı Katri Kakko, Larisa Aleksandra Florian (hər ikisi 52 kq) polşalı Karolina Pienkovska, İçinxorloo Munxtsedev (57 kq) Gürcüstan idmançısı Eteri Liparteliani ilə güclərini sınayacaqlar. Kişilərin yarışında Orxan Səfərov David Starkel (Sloveniya), Kəramət Hüseynov (hər ikisi 60 kq) Matyaj Trboviç (Sloveniya), Nicat Şıxəlizadə (66 kq) Boqdan Yadov (Ukrayna) ilə mübarizə aparacaqlar.

***

Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda finlandiyalı Katri Kakkotriyə 57-ci saniyədə atdığı vazari fəndi ilə qalib gəlib.

***

Larisa Aleksandra Florian (52 kq) polşalı Karolina Pienkovska ilə tatami üzərinə çıxacaq.

***

Kəramət Hüseynov (60 kq) 3-cü dəqiqədə Matyaj Trboviçə vazari fəndi ilə hesabda önə çıxaraq yekunda qalib gəlib.

***

Larisa Aleksandra Florian (52 kq) polşalı Karolina Pienkovska ilə görüşü gərgin keçib. 2-ci dəqiqənin əvvəlində rəqibi vazari fəndi ilə önə çıxıb. 3-cü dəqiqəni tamamlamaqda ikən təmsilçimiz vazari fəndi ilə bərabərliyi təmin edib. Lakin 4-cü dəqiqənin 20-ci saniyəsində rəqib ikinci dəfə vazari fəndini işlədərək qalib gəlib.

***

İçinxorlo Munxtsedev (57 kq) gürcüstanlı Eteri Liparteliani ilə görüşü bərabər mübarizə şəraitində heç-heçə başa çatıb. Rəqib əlavə vaxtın 1-ci dəqiqəsinin tamamında vazari fəndi ilə qalib gəlib.

***

Orxan Səfərov (60 kq) sloveniyalı David Starkellə rəqabətdə 2-ci dəqiqənin 20-ci saniyəsində ippon fəndi ilə parlaq qələbə qazanıb. Onun 1/8 finalda rəqibi belçikalı Yorre Verstraten olacaq.

***

Aişə Qurbanlının (48 kq) rumıniyalı Aleksandra Popla görüşü gərgin alınıb. Ehtiyatlı keçən ilk dəqiqələrdə tərəflər hərəyə bir şido cəriməsi alıblar. 2-ci dəqiqənin ortasında tatami ustamız vazari fəndi ilə irəli çıxıb. Lakin 1 dəqiqə sonra bərabərlik qarşı tərəfin ippon fəndi ilə bərpa olunub. Əlavə vaxtın 1-ci dəqiqəsinin tamamında Aişə ippon fəndi ilə əhəmiyyətli qələbə qazanıb. Onun 1/8 finaldakı rəqibi ispaniyalı Xulia Figeroa olacaq.

***

Nicat Şıxəlizadə (66 kq) ukraynalı Boqdan Yadovla görüşündə üstün vəziyyətdə olsa da, 4-cü dəqiqəyə qədər dözüm nümayiş etdirən rəqibi onu yoraraq, nəhayət, istədiyi fəndin vazari xalını alıb, sonra görüşü sabit məcraya keçirib 1/8 finala çıxdı.

***

1/8 finalda Kəramət Hüseynovun (60 kq) niderlandlı Tornike Scakadoea ilə gərgin rəqabətdə əsas vaxt, qalibi müəyyən etmədi. Əlavə vaxt da elə bu axarla davam etdi və rəqibin cəmi bir şido cəriməsi ilə başa çatdı. Qızıl xal uğrunda rəqabətdə Kəramət iki şido cəriməsi alaraq, 6-cı dəqiqənin yarısında daha bir cərimə xalı ilə mübarizəni dayandırdı.

***

1/8 finalda Orxanın belçikalı Yorre Verstratenlə görüşü gərgin rəqabət şəraitində keçib. Əsas vaxtda rəqib iki şido cəriməsi alıb. Qızıl xal uğrunda rəqabətdə isə hər şey 3-cü dəqiqənin yarısında həll olunub. Rəqib ipponla qalib gəlib.

***

1/8 finalda Gültac belçikalı Şarlin Van Sniklə mübarizə aparıb. Mübarizənin əsas vaxtı rəqib 2, idmançımızın 1 şidosu ilə yadda qalıb. Qızıl xal uğrunda mübarizədə hərəyə bir şido cəriməsi də hesablara yazılıb. Bununla idmançımız əsas üstünlüyünü qoruyaraq, 1/4 finala adlayıb. Onun rəqibi polşalı Aqata Perents olacaq.

***

Aişə Qurbanlının (48 kq) ispaniyalı Xulia Figeroa ilə 1/8 final görüşündə hər şey ikinci dəqiqədə həllini tapdı. Yarım dəqiqə ərzində pireneyli idmançı iki vazari fəndi ilə istədiyi nəticəni əldə edərək, 1/4 finalın iştirakçıları sırasına daxil oldu.

***

Gültac Məmmədəliyeva 52 kq çəki dərəcəsində polşalı Aqata Perentslə 1/4 final qarşılaşmasında yalnız qızıl xal uğrunda tutaşmada məğlub olub. Əlavə vaxtın 2-ci dəqiqəsinin əvvəlində rəqib idmançı ippon fəndi işlədib. İndi o, təsəlliverici görüşdə bürünc medal şansını qiymətləndirməyə çalışmalıdır. Onun rəqibi italiyalı Cuffrida Odette olacaq.

***
Gültac Məmmədəliyeva 52 kq çəki dərəcəsində təsəlliverici görüşdə italiyalı Cuffrida Odetteyə 3-cü dəqiqənin əvvəlində və sonunda düşdüyü vazari fəndləri ilə məğlub olub və rəqibi bürünc uğrunda son görüşə qoşulmaq şansı əldə edib.

Xəbər 1096 dəfə oxundu.