“Qarabağ" və “Neftçi" mərhələ keçməlidirlər
“Səbail" debütünü tarixi qələbə ilə qeyd edə bilər

Dünən futbol üzrə qitəmiqyaslı yarışların birinci təsnifat mərhələsinin püşkü atılıb.
İlkin təsnifat yarışı ilə startı verilmiş Çempionlar liqasında mübarizəyə məhz bu mərhələdən qoşulacaq "Qarabağ" Albaniya çempionu "Partizani" ilə üz-üzə gələcək. 32 klubun 16 cütlük təşkil edərək, ev-səfər prinsipi ilə mübarizə aparacağı bu mərhələnin ilk oyununu Azərbaycan təmsilçisi iyulun 9-10-da səfərdə başlayacaq. Bir həftə sonra isə rəqibini Bakıda qəbul edəcək və iki oyunun cəminə görə qalib gələcək kollektiv sonrakı mərhələyə vəsiqə əldə edəcək.

Bu klubla komandalarımız ilk dəfə qarşılaşacaqlar. Lakin buna qədər məhz bu yarış çərçivəsində "Neftçi" Albaniya çempionu "Şkenderbeu" ilə 2013-cü ildə qarşılaşaraq, iki oyunun cəminə görə uduzmuşdu. Hər iki oyunun əsas vaxtı 0:0 hesabı ilə bitmişdi. Səfərdə keçən cavab görüşündə əlavə vaxtın 26-cı dəqiqəsində rəqib bir top vuraraq mərhələ adlamışdı. Ümumən, bu Albaniya klubu ilə son görüş deyil. 2015-ci ildə Bakının "İnter" klubu "Laçi" ilə iki matçda yenə heç-heçə oynayaraq, səfərdə vurulan qol sayəsində mərhələ adlamışdı - 1:1 və 0:0.

"Qarabağ"la müqayisədə rəqibi Avropa səhnəsində elə də parlaq nəticələr göstərməyib. Hərçənd 1962-ci ildən qitə arenasına vəsiqələr qazanıb. Maraqlıdır ki, tarixində ilk dəfə 3 mərhələni klub 2016-cı ildə keçib və həmin il Çempionlar liqasında danışılmış oyunlara görə cəzalanmış "Şkenderbeu"nu əvəz edərək, gözlənilmədən Macarıstan "Ferensvaroş"unu penaltilər seriyasında (1:1 və 1:1-pen ilə 3:1), ardınca Zalsburq "Red bul"una uduzmuşdu - 0:1 və 0:2. Bununla Avropa liqasına keçid alaraq, burada Rusiya "Krasnodar"ı ilə qarşılaşmalarda bir matçda qapısını toxunulmaz saxlamışdı - 0:0 və 0:4.

Komanda yeni mövsümə hətta çempion simasını da dəyişməklə, başlayır. Bununla belə, tiranalılar "Qarabağ" üçün keçilməz sədd deyillər.

Avropa liqasının təsnifat mərhələsində "Neftçi" də dişinə çəkə biləcəyi Moldovanın Nisporeni şəhərinin "Sperantsa" klubu ilə üz-üzə gələcək. Rəqibin elə bir zəngin tarixi yoxdur və ilk dəfədir Avropa arenasına çıxır.

Ümumən, Azərbaycan klublarının Avropa arenasında moldovalılarla rəqabət tarixçəsindən söz aça bilərik.

2014-cü ilə qədər 2 dəfə "Xəzər Lənkəran" (2005 və 2010), "MKT-Araz" (2006), "Qarabağ" (2006), "Bakı" (2007) bu Karpat ölkəsi təmsilçiləri ilə bacara bilməyiblər.
Nəhayət, 2014-cü ildə buzu əridən "İnter" "Tiraspol"u hər iki oyunda məğlub edərək, tarixində ən uğurlu Avropa mövsümünü keçirmişdi. 2016-cü ildə "Kəpəz" yenə Moldova təmsilçisi ilə rəqabətdə məğlub olub, amma sonrakı il "Qarabağ" "Şeriff"i məhz səfər oyununda daha güclü oyunla yenmişdi.

Bu uğur seriyasını "Neftçi"nin davam etdirməkdən başqa çarəsi yoxdur. Üstəlik, sükan arxasında Bordin kimi Moldova təcrübəsi olan mütəxəssis varsa.
Bunun əvəzində "Səbail"i mürəkkəb rəqib gözləyir. Rumıniyanın "U Krayova 1948" adı ilə təqdim olunan klubu, əslində, elə tanıdığımız "Universitatya" Rumıniyanın tarixən ən güclü komandalarından biri olsa da, son illəri bənzər adların kaleydoskopu içindədir. Oxşar rəngarəng adlara bürünmüş "klublar" üçün maraqlı tarixçə məşqçi Viktor Pitsurke ilə məhkəmə didişmələri ilə başlayır. 2011-ci ildə klub Futbol Federasiyasından xaric edilmişdi...

Çox keçmişə getmədən son nəticələrə baxaq: klub Avropa liqasında ötən mövsüm "Leypsiq"ə (1:1 və 1:3), bundan da bir il əvvəl "Milan"a (0:1 və 0:2) məğlub olub.
Klublarımızın rumınlarla uğurlu oyun tarixçəsi yoxdur. 1998-ci ildə hələ UEFA Kuboku dövründə "Dinamo", sonra "İntertoto"da UEFA kubokunun bir addımlığında dayanan "Neftçi", nəhayət, "Zirə" bu ölkənin kollektivlərinə yeniliblər. İndi ümid etmək qalır ki, "Səbail" bu sindromu qıraraq, həm də Avropa tarixçəsini uğurlu sınaqla başlayacaq.

"Neftçi" ilk oyununu iyulun 11-də evdə, "Səbail" səfərdə keçirəcək. Bir həftə sonra cavab matçları olacaq.

Yeri gəlmişkən, ölkə kubokunun sahibi "Qəbələ" mübarizəyə növbəti raunddan başlayacaq.

Xəbər 1056 dəfə oxundu.