Minsk ikinci Avropa Oyunlarının startına tam hazırdır
İkinci Avropa Oyunlarının keçiriləcəyi Minsk şəhəri artıq böyük idman yarışının startına tam hazırdır.

Şəhərdəki xoş əhval-ruhiyyəni hələ gömrük-keçid məntəqəsindəcə hiss etmək mümkündür. Burada istər Oyunlarla bağlı bukletlərin paylanması, istər könüllülərin fəallığı Belarusun bu möhtəşəm idman yarışına ciddi hazırlaşdığını göstərir.

Bu idman bayramının Belarusun tanıdılması, təbliği və turizm potensialının artırılması baxımından önəmini birinci Avropa Oyunları zamanı Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi dividendə görə, bəri başdan söyləmək mümkündür. Digər tərəfdən, Minskdə valyutadəyişmə məntəqələrində yaranan növbələr də yarış zamanı ölkəyə xarici valyuta axınının təmin ediləcəyindən xəbər verir. Bu baxımdan Avropa Oyunları Minsk şəhərinin inkişafı üçün əlavə stimuldur.

Yarışların keçiriləcəyi əsas arenanın - “Dinamo” stadionunun ətrafında apardığım müşahidələr göstərir ki, bu arena qitəmiqyaslı yarışların keçirilməsi üçün beynəlxalq standartlara tam cavab verir. 1930-cu ildə istifadəyə verilmiş idman kompleksi Avropa Oyunları ərəfəsində əsaslı təmir edilib. Oyunların açılış və bağlanış mərasimləri bu stadionda keçiriləcək. Ümumiyyətlə, stadionlarda işıqlandırma sistemindən tutmuş, mətbuat mərkəzlərinədək bütün obyektlər ən yüksək texnologiya ilə təmin edilib.

Avropa Oyunları ilə əlaqədar könüllülük proqramının icrasına kifayət qədər insan cəlb edilib. Onlara bütün şəhərboyu rast gəlmək olur. Yaxşı təlim keçmiş, xarici dil biliklərinə malik könüllülər Minsk şəhərinin bayram əhvalına əlavə rəng qatır. 22 yaşlı könüllü Anastasiya AZƏRTAC-a açıqlamasında işin çətin və şərəfli olduğunu dedi. Azərbaycanda keçirilmiş birinci Avropa Oyunları vaxtı könüllülərin fəaliyyəti ilə yaxından tanış olduğunu və bunun onda həvəs oyatdığını bildirdi. “Azərbaycanda olmamışam, ancaq sosial şəbəkələr vasitəsilə Bakının necə gözəl şəhər olduğunu bilirəm. Fürsət düşən kimi mütləq Azərbaycana gedəcəyəm”, - deyə Anastasiya gülümsəyərək vurğuladı.

Qeyd edək ki, ikinci Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə medallar uğrunda mübarizə gedəcək. Səkkiz növ üzrə yarışlar Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları dərəcəsində keçiriləcək. İyunun 21-dən 30-dək idmançılar 200 medal dəsti uğrunda yarışacaqlar.

AZƏRTAC

Xəbər 726 dəfə oxundu.