Paralimpiya hərəkatı əlilliyi olan insanlar arasında təbliğ edilir
Əlil İdmançılara Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Milli Paralimpiya Komitəsinin təşkilati dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin idman sahəsində bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində Şəki və Qəbələ rayonlarına səfər təşkil edib.

İştirakçılar Şəki şəhərində Xan sarayında olublar. Tarixi abidə haqqında iştirakçılara məlumat verilib.

Tədbirdə oxatma idman növü üzrə paralimpiyaçı idmançılar Qalib Vəliyev, Şahin Cabbarov və baş məşqçi İlqar Abbasovun iştirakı ilə tarixi abidəni ziyarət etməyə gələn yerli və xarici turistlər qarşısında kamandan oxatma idmanının əyani atış göstərişləri olub.

Daha sonra layihənin işçi qrupunun üzvləri və iştirakçılar Qəbələ rayonunda olublar. Burada keçirilən görüşdə layihə rəhbəri Zöhrab Babayev layihə haqqında məlumat verərək qeyd edib ki, məqsəd Azərbaycanın tarixi abidələrinin, milli-mənəvi dəyərlərinin təbliğinə paralimpiyaçı idmançıların qoşulması, eyni zamanda, paralimpiya hərəkatının əlilliyi olan insanlar arasında təbliğ edilməsinə dəstək olmaqdır.

Sonra tədbir iştirakçıları mövzu ətrafında çıxışlar edib, təkliflər səsləndiriblər.

AZƏRTAC

Xəbər 818 dəfə oxundu.